AZ EN RU

Uşaqlarımızın sağlam inkişafı muxtar respublikamızın əsas prioritet istiqamətlərindəndir

    Muxtar respublikamızda fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin əsas qayəsi sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sağlamlığının mühafizəsi və sosial müdafiəsi, onların cəmiyyətə, habelə sosial həyata inteqrasiyasını təşkil etməkdir. Mərkəz fiziki məhdudiyyətli şəxslərin həyat tərzini yaxşılaşdırmağa, onların sosial statusunu bərpa etməyə, eyni zamanda kommunikasiya vasitələrindən istifadə etməklə biliklərini artırmasına xidmət edir. Ötən günlərdə həssas qrupa daxil olan vətəndaşları yenidən cəmiyyətə qazandırmaq kimi xeyirxah bir vəzifəni yerinə yetirən mərkəzə yollandıq. 

    Mərkəzin direktoru Minurə Musayeva söhbət zamanı dedi: “Regional İnformasiya Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Müasir informasiya texnologiyaları ilə təchiz olunan mərkəzdə məhdud fiziki imkanlı şəxslər üçün müxtəlif xidmətlər mövcuddur. Burada kinect oyunu, əmək terapiyası, təlim bərpa otaqları, əyləncəli oyun sahəsi, musiqi terapiyası, distant təhsil mərkəzi, defektoloji bölmə və filialları, eyni zamanda görmə qabiliyyəti məhdud şəxslər üçün audiokitabxana xidməti, brayl kitabxana yaradılıb. Kitabxanada görmə qabiliyyəti məhdud şəxslər üçün “Könül işığı” və “Şəfəq” adlı brayl jurnallar dərc olunur. 

    Mərkəzə müraciət edən fiziki imkanları məhdud uşaqlar, ilk növbədə, psixoloji və tibbi müayinədən keçirildikdən sonra aidiyyəti bölmələrə yerləşdirilir. Onların içərisində autizm və daun sindromlu, serebral iflicli və nitq qüsurlu şəxslər də var. Bununla yanaşı, mərkəzdə yalnız sindromlu və nitq qüsurlu uşaqların deyil, həm də koordinasiya problemləri olan uşaqların da müalicəsi aparılır”. 

    Minurə xanım onu da bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na əsasən mərkəzdə 2021-ci ilin mart ayından etibarən “Kukla terapiyası” və “Nağıl terapiyası” fəaliyyət göstərir. Hər iki terapiya uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiyası, ünsiyyət bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Dövlət proqramının icrasına uyğun olaraq xüsusi psixoloji problemlərin, depressiya və aqressivliyin aradan qaldırılması məqsədilə mərkəzdə oyun terapiyasının da fəaliyyətinə başlanılıb. 
    Müsahibimiz qeyd etdi ki, göstərilən dövlət qayğısının digər bir nümunəsi audiokitabxana daxilində görmə qabiliyyəti məhdud şəxslər üçün “258” nömrəli telefon xidmətinin yaradılmasıdır. Bu xidmət həm də yetkin şəxslər üçün nəzərdə tutulub. Burada 1500-dən artıq ədəbiyyat dinləyicilərin istifadəsinə verilib və kitablar mütəmadi olaraq yenilənir. 
    Mərkəzdə müalicə alan uşaqların ailələrinə də xüsusi diqqət göstərilir. Belə ki, ailələrə psixoloji dəstək məqsədilə maarifləndirici seminarlar və seanslar təşkil olunur. Qarşıya qoyduğumuz digər bir məqsəd də mərkəzimizə peşəkar, bu sahədə uzun illər təcrübə qazanmış təlimçiləri dəvət etməkdir. Yaxın günlərdə Bakıdan Qüsursuz Nitq Mərkəzinin defektoloq və direktoru Esmira Qafarova xüsusi dəvətimiz əsasında mərkəzimizə gəldi, valideyn və mərkəz mütəxəssislərinə maarifləndirici seminar təşkil etdi. Bununla yanaşı, fiziki imkanları məhdud uşaqların inkişafı məqsədilə iki istiqamətdə – sosial və tibbi reabilitasiyalar aparılır. Müalicələrin ardıcıl aparılması effektiv nəticələr verir. 
    Mərkəzin psixopedaqoqu Bəyim Bağırova ilə də həmsöhbət olduq. Söhbət əsnasında müsahibimiz bildirdi ki, uşaqların mərkəzə qəbulundan sonra ilk mərhələdə problemin təyin edilməsi məsələsi ilə mütəxəssis kimi məşğul oluruq. İlk növbədə, uşağın psixoloji vəziyyətini təyin edib, uyğun olaraq müəyyən bölmələrə yönləndiririk. Uşağın nitq qabiliyyətini formalaşdırmaq üçün defektoloji bölmədə loqoped köməyilə masaj və təlimlər icra olunur. Həssas qrupa daxil olan uşaqlara öz potensiallarına uyğun proqramlar hazırlanır və fərdi şəkildə məşğul olunur. Təyin edilən pro­qramlar əsasında uşaqların dərketmə qabiliyyəti formalaşdırılır. Uşaqların psixoloji vəziyyətindən asılı olaraq testlər tərtib edilir. Testlər nəticəsində uşaqların sahib olduğu sindrom və ya nitq qüsuru müəyyənləşdirilir.
    Mərkəzdə dərs saatı olan uşaqlar və valideynlərlə də görüşdük. Azyaşlı qızını mərkəzə müalicəyə gətirən Naxçıvan şəhər sakini Xanım Kərimova dedi: “Qızım Nur artıq 4 aydır ki, bu mərkəzdə müalicə alır. O, müəyyən sözləri düzgün tələffüz edə bilmirdi. Burada masaj və dərs proqramları öz nəticəsini verdi. Artıq demək olar ki, qızım bütün hərfləri düzgün tələffüz edir, nitqindəki problem hiss olunacaq dərəcədə azalıb. Onu da qeyd edim ki, nitqində problem olan şəxslərin sosiallaşması, insanlarla ünsiyyət yaratması müəyyən qədər çətin olur. Artıq Nur bu problemləri geridə qoyub. Bir valideyn kimi demək istəyirəm ki, heç bir valideyn bu cür hallarda qorxmasın. Məhz mərkəzdə bu çətinlikləri aradan qaldırmaq üçün psixoloji dəstək xidməti də göstərilir. Müalicələr də peşəkar şəkildə aparılır”. 
    Həmsöhbət olduğumuz digər bir valideyn isə şəhər sakini Aynur Niyazova idi. Buradakı müalicə prosesindən söz açan müsahibimiz bildirdi ki, nəvəsi Alparslanın kiçik yaşlarından nitq qüsuru var. Artıq iki aydır ki, bu reabilitasiya mərkəzinə müalicəyə gəlirlər. Onunla defektoloq və psixoloq, ixtisasları üzrə böyük təcrübə qazanmış mütəxəssislər yaxından məşğul olur. Burada keçirilən kurs öz müsbət təsirini göstərməyə başlayıb. Musiqi terapiyası sayəsində Alparslan artıq mahnılar oxuyur, sözləri düzgün tələffüz edir, səlis cümlələr qurur, bir sözlə, təlimlər onun inkişafına böyük təsir göstərir. Burada valideynlər üçün də lazımi şərait yaradılıb. Onlara da psixoloji dəstək göstərilir. 
    Mərkəzdə keçirdiyimiz bir neçə saat ərzində bir daha aydın oldu ki, burada sağlamlıq imkanları məhdud uşaqların inkişafı, cəmiyyətə inteqrasiyası üçün nə lazımdırsa edilir. Bunu həmsöhbət olduğumuz valideynlərdən də eşitdik, burada yaradılan şəraitin əyani şəkildə şahidi olduq. 

 Aysel YUSİFZADƏ
Bülbül QULİYEVA 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri

Nəşr edilib : 19.08.2022 18:26