AZ EN RU

Uşaq liqalarında final qarşılaşmaları

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə uşaq futbolu üzrə U-10, U-11, U-12, U-13 və U-14, eləcə də ölkənin ən kütləvi məktəbli futbol turniri olan AFFA “Coca-Cola Məktəbli Kuboku”nun mərhələ yarışları keçirilir.
    Uzunoba Təlim-Məşq İdman Kompleksində olimpiya sistemi üzrə keçirilən çempionatda artıq finala yüksələn komandaların adları məlum olub. İki gün davam edəcək final görüşlərində ilk olaraq bu gün 3 oyun keçiriləcək. Əvvəlcə meydana U-12 liqasının finalçıları “Kəngərli” və “Araz-Naxçıvan” komandaları çıxacaq. Ardınca azarkeşlər U-14 liqasında “Araz-Naxçıvan” – UGİM (Şərur) görüşünə şahidlik edəcəklər. Günün son görüşü isə “Coca-Cola Məktəbli Kuboku”nun finalı olacaq. Həlledici qarşılaşmada “Şərur” və “Naxçıvan” komandaları üz-üzə gələcək.
    Sabah oynanılacaq ilk qarşılaşmada UGİM (Şərur) və “Araz-Naxçıvan” (U-13) komandaları qalibi müəyyənləşdirməyə çalışacaqlar. U-11 liqasının finalında da məhz bu komandaların 11 yaşlı futbolçuları üz-üzə gələcək. U-10 liqasının həlledici qarşılaşması isə “Şərur” və “Araz-Naxçıvan” komandaları arasında oynanılacaq.
    Qeyd edək ki, reqlamentə əsasən muxtar respublika üzrə qalib komandalar müvafiq liqaların final mərhələsinə vəsiqə əldə edəcək. Final mərhələləri Bakı şəhərində təşkil olunacaq.   

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.04.2022 19:24