AZ EN RU

Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat yığıncağı keçirilib

   Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
    Tədbirdə komissiyanın, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 2022-ci il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabatı diqqətə çatdırıb. Qeyd edilib ki, ölkə başçısının diqqət və qayğısı ilə muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara hərtərəfli imkanlar yaradılır, onların potensial və qabiliyyətlərinin aşkarlanması, mahiyyət etibarilə layiqli və sağlam vətəndaş kimi yetişdirilməsi istiqamətində kompleks addımlar atılır.
    Bildirilib ki, ötən ildə də şəhid, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideynli, aztəminatlı uşaqların qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi diqqətdə saxlanılıb, onlara müvafiq olaraq müavinətlər ödənilib və dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına təmin edilib.
    Qeyd edilib ki, hesabat ili ərzində 100 sağlamlıq imkanları məhdud uşağın yaşadıqları evlərdə monitorinq keçirilib, valideynlərlə geniş maarifləndirici söhbətlər aparılıb, qanunamüvafiq izahat verilib, 65 uşaq potensiallarına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə cəlb edilib. Bundan əlavə, il ərzində 77 uşaq müəssisəsində monitorinqlər aparılıb və 216 sağlamlıq imkanları məhdud uşağın təhsil hüququ yoxlanılıb. Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2022-2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 42, hazırlıq qruplarında 30 uşaq olmaqla, ümumilikdə, müvafiq kateqoriyadan olan 964 uşaq təhsil alır. 
    Vurğulanıb ki, hesabat dövrü ərzində keçirilmiş müsabiqə, olimpiada və digər tədbirlərdə 7600-ə yaxın uşaq iştirak edib, iştirakçılara 1566 medal, diplom, fəxri fərman, sertifikat və 1009 hədiyyə verilib. Həmçinin aid dövlət orqanları tərəfindən 189-a yaxın uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub, 15 sentyabr – Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyaya aid 560 uşaq məktəbli paltarı, dərs ləvazimatları və 523 uşaq isə qış geyimi ilə təmin olunub.
    Diqqətə çatdırılıb ki, yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülüb, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 610 reyd yoxlaması keçirilib.
    Muxtar respublikada uşaqların sayı 123981 nəfər olub. Ötən il ərzində məktəblərdə və ictimaiyyət arasında maarifləndirmə tədbirlərinə daha da üstünlük verilib, görüş və seminarlar keçirilib, uşaqların sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən diqqətdə saxlanılıb. 
    Vurğulanıb ki, 2022-2023-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 746 şagird təhsil alır ki, bunlardan da 25562-si qızdır. 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1736-sı ali və 423-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub, məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64 nəfər fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 56 nəfər fərqlənmə attestatına, 6 məzun Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. 
    Qeyd edilib ki, bu gün muxtar respublikada 25 min 590 uşaq idmanla məşğul olur ki, bunlardan da 6555 nəfəri qızdır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə edib, Azərbaycan birinciliyində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 57-si I, 32-si II, 41-i isə III yer olmaqla, 130 yer qazanıblar.
    Ramilə Seyidova çıxışının sonunda əminliyini  bildirib ki, 2023-cü ildə muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində öz profilaktiki fəaliyyətini gücləndirəcək, üzərlərinə düşən vəzifələrin icrasını diqqətdə saxlayacaqdır.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib. 2023-cü ildə uşaq müəssisələrində keçiriləcək monitorinqlərin siyahısı, monitorinq keçirilməsi üçün təşkil edilən ekspert qrupunun tərkibi, Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2023-cü il üçün İş planı təsdiq edilib. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 31.01.2023 20:05