AZ EN RU

Uşaq hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirilir

    Uşaq hüquqları dedikdə bütün uşaqların qanunla və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və digər istismarlara qarşı qorunma kimi hüquqlarının təyinindən istifadə edilən universal anlayış başa düşülür. Uşaqlar cəmiyyətimizin ən zərif, həssas hissəsidir. Onlara erkən yaşda göstərilən qayğı və məhəbbət gələcək fiziki və psixoloji sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Bu mənada, uşaq hüquqları insan hüquqlarının mühüm bir hissəsi kimi dəyərləndirilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır...” Ulu öndərin əbədiyaşar ideyaları üzərində inkişaf və tərəqqiyə qovuşan Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olan Naxçıvan Muxtar Respublikasında bu gün uşaqların sağlam mühitdə böyüməsi, düzgün tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində biliklərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb.
    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) təşəbbüsü ilə cari il oktyabr ayının 20-dən noyabrın 20-dək respublikada “Uşaq hüquqları aylığı” elan olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində uşaq hüquq və azadlıqlarının təmini üzrə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində Naxçıvan Şəhər Polis İdarəsinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təşkilatçılığı ilə maarifləndirici söhbətlər aparılır. Tədbirlər zamanı muxtar respublikada yaradılan infrastruktur, həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni istifadəyə verilmiş məktəblər, idman kompleksləri, şahmat məktəbləri onlara, uşaqların gələcəyinə dövlət tərəfindən göstərilən qayğının bir növü olaraq izah edilir. 
    Qeyd olunmalıdır ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ-hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox Dövlət proqramları qəbul edilib. Hazırda muxtar respublikada uşaq problemlərinin həllinə yönəlmiş Dövlət proqramlarının həyata keçirilməsində Naxçıvan Şəhər Polis İdarəsi öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır. Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işlərinin aparılması da vacib məsələlərdən birinə çevrilib. Onu da vurğulayaq ki, muxtar respublikada uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün mükəmməl hüquqi baza yaradılıb. “Sağlam həyat tərzi!” devizi altında adıçəkilən qurumların təşkilatçılığı ilə minifutbol yarışı keçirilir, qalib gələn komandalar diplomlarla mükafatlandırılır. Bundan başqa, Naxçıvan Şəhər Polis İdarəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan şəhərində bir sıra reydlər təşkil olunub. 
    Naxçıvan Şəhər Polis İdarəsində keçirilən hər bir layihənin əsasında ölkəmizin gələcəyi olan uşaqların gələcəyini təmin etmək və sağlam ruhlu, düşüncəli gənclər yetişdirmək kimi ümumbəşəri məqsədlər dayanır. Bu istiqamətdə tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

Türkan MƏMMƏDOVA
 Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin 
yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə baş 
inspektoru, polis kapitanı 

Nəşr edilib : 14.11.2022 19:42