AZ EN RU

Ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı guşələr yaradılacaq

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli Ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkarlardan azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm Tarixi Qələbə qazandı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdılar. 
   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tariximizin ən parlaq səhifəsindən olan bu Tarixi Qələbəni, qəhrəman Ordumuzun Zəfər yolunu və  Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı  guşələrin yaradılması nəzərdə tutulub. 
    “Zəfər tariximiz” guşəsində Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fotoları, Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam, 44 günlük müharibənin qısa xronikası, Prezidentimizin zəfər tariximizlə bağlı fikirləri və Zəfər Gününü özündə əks etdirən fotoşəkillər yer alacaq.
    Muxtar respublikada fəaliyyət göstərən 212 ümumi təhsil müəssisəsinin hər birində  “Zəfər tariximiz” guşəsi yaradılacaq.
    “Şəhidlər unudulmur” guşəsində isə həmin məktəbdə təhsil almış şəhidlərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi, doğum tarixi və keçdiyi döyüş yolu haqqında məlumatlar yerləşdiriləcək. Muxtar respublikanın 190 ümumtəhsil müəssisəsindən şəhidlik zirvəsinə ucalan məzunlarımız var. Buna görə də  190 məktəbdə “Şəhidlər unudulmur” guşələri yaradılması nəzərdə tutulub.
    Qeyd edək ki, ölkəmizin  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Naxçıvan Muxtar Respublikasından da 483 igid övladımız şəhidlik zirvəsinə ucalıb. Onlardan 342-si I Qarabağ müharibəsinin, 141-i isə II Qarabağ müharibəsinin şəhidləridir. 

 Naxçıvan Muxtar Respublikası Təhsil 
Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 24.01.2023 19:08