AZ EN RU

Ümumtəhsil məktəblərində şagirdlərin flüoroqrafik müayinələri aparılır

    Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri muxtar respublika əhalisi arasında vərəm xəstəliyinin erkən aşkarlanması, müalicəsi və profilaktikası istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirir. Növbəti tibbi müayinələr Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri arasında aparılıb. 
    Noyabrın 1-dən start verilən tibbi müayinənin məqsədi vərəmin erkən diaqnostikası və onun qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qrafikə uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı ümumtəhsil məktəblərində müayinələr aparılır. 
    Növbəti müayinə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri arasında aparılmış, onlardan 165-i flüoroqrafiya müayinəsindən keçmişdir. Məktəblilər arasında xəstə aşkar edilməmişdir. 
    Aparılan tədbirlərin davamı olaraq dispanserin həkim briqadası səyyar flüoroqrafiya ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə də olmuş, 74 IX-XI sinif şagirdi flüoroqrafiya müayinəsindən keçmişdir. Həkimlər tərəfindən məktəblilər arasında maarifləndirici söhbətlər aparılmışdır. 
   Qeyd edək ki, ildə 2 dəfə aparılan profilaktik müayinə zamanı gizli xəstəliklər vaxtında aşkar olunur, lazım olarsa, ətraflı müayinə üçün yeniyetmələr stasionara cəlb olunur. Flüoroqrafik tibbi müayinələr dekabrın 20-dək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 17.11.2022 21:39