AZ EN RU

Üçüncü tura yekun vurulub

    Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura yekun vurulub.
    Bu turda “Azərbaycan-Naxçıvan” komandası “Moldova” komandası ilə üz-üzə gəlib. Komandamızın heyətində Nazlı Hümbətova Savva Sustova, Rza Həsənli isə Stanislav Çebotariyə məğlub olub. Rəcəb Abdullabəyli isə Viktoriya Barqan üzərində parlaq qələbə qazanıb. Hüseyn Seyid Aleksandr Barançiusla görüşdə ağ-qara taxtanı qələbə ilə tərk edərək hesabı bərabərləşdirib – 2:2.
     Yarışın favoriti “Azərbaycan-1” komandası bu turda “Kuba” komandasını sınağa çəkib. Çətin keçən görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Eyni uğura “Azərbaycan-Sumqayıt” komandası da imza atıb. Onlar “İngiltərə” komandası ilə görüşdə aktivlərinə qələbə yazdırmağa müvəffəq olublar – 2,5:1,5. “Azərbaycan-2” komandası isə eyni hesabla Latviya yığmasını məğlub edib – 2,5:1,5.
    “Azərbaycan-3” və “Azərbaycan-4” komandaları bu turu heç-heçə ilə başa vurublar. Belə ki, birincilər CAR-3-lə, ikincilər isə “Monqolustan” komandası ilə görüşlərdə şahmat taxtasını “sülh”lə tərk ediblər. 
    Liderlər cədvəlində qərarlaşan “İran” və “Hindistan” komandaları 3-cü turda xal itkisi ilə üzləşiblər. Qonşu ölkənin təmsilçiləri “Gürcüstan-1” komandası ilə oyunda heç-heçəyə razılaşıblar – 2:2. Tejas Bakrenin kapitanı olduğu hindistanlılar isə “Qazaxıstan” komandasına 1,5:2,5 hesabı ilə məğlub olublar.
    Tamaşaçılar bu turda Türkiyə komandalarının qarşılaşmasına da şahidlik ediblər. “Türkiyə-White” komandası “Türkiyə-Anatolia” komandasına qarşı görüşdə məğlubiyyət acısı dadıb – 1:3.
    3-cü turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
    Türkiyə-Red – Özbəkistan-1 – 2,5:1,5
    Özbəkistan-2 – Meksika – 3:1
    Qırğızıstan – Panama – 3,5:0,5
    Banqladeş – Malayziya – 1:3
    Şri-Lanka – CAR-1 – 2,5:1,5
    Kanada – Livan – 2,5:1,5
    Honqkonq – Misir – 2:2
    Gürcüstan-2 – CAR-2 – 1:3
    Hazırda turnir cədvəlinə “Azərbaycan-1”, “Qazaxıstan” və “Türkiyə-Red” komandaları 6 xalla başçılıq edirlər. “Azərbaycan-Naxçıvan” komandası isə 3 xalla 17-ci pillədə qərarlaşıb. Bu gün komandamız “Şri-Lanka” komandası ilə üz-üzə gələcək.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 04.10.2022 21:41