AZ EN RU

Ucqar bölgəmiz Şahbuzda da qaynar təsərrüfat həyatı yaşanır

    Qəlblərə ilham bəxş edib, ruha hüzur sığalı çəkən, həzin-həzin axan çayların şəfqətindən bərəkət ətrinə bürünərək, sıldırım qayaların, əzəmətli dağların qucağında gözəllik işığı kimi parlayır Şahbuz. Yayda Kükünün qırmızıyanaq alması ilə soraqlanan, payızda qışa hazırlıq görən insanlarla təbiətin harmoniyasına qərq olan, qışda qonaqlarının görüşünə tələsən xizək mərkəzi ilə sevilən bu bölgəmiz yazda sinəsi müxtəlif şəfalı bitkilərlə, lalələrlə, nərgizlərlə bəzənərək əsrarəngiz, mükəmməl bir bahar tablosunu xatırladır. Öz təbii təravətini qoruyub saxlayan, ilbəil daha da müasir infrastruktura sahib olan Şahbuzda 2022-ci ilin bahar mövsümünə də əsl qaynar təsərrüfat işləri ilə start verilib. Belə ki, Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar müvafiq işlər həyata keçirilib, ayrı-ayrı istiqamətlər üzrə bir sıra işlər görülüb.

    Yaz təsərrüfat işləri çərçivəsində əvvəlcə Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin zamanı aqrotexniki qaydalara əməl edilməsinə, istifadə olunan toxumların məhsuldarlığına, keyfiyyətinə və yerli iqlim şəraitinə uyğunluğuna nəzarət gücləndirilib. Bu məqsədlə Kolanı, Keçili, Külüs, Nursu, Şahbuzkənd, Daylaqlı, Badamlı, Sələsüz və Türkeş kənd­lərində maarifləndirmə tədbirləri keçirilib. Eyni zamanda rayon ərazisindəki hidrotexniki qurğuların işlək vəziyyətdə olması yoxlanılıb, suvarma kanallarının və arxların vaxtında lildən təmizlənməsi işləri icra edilib. Həmçinin yaylaq mövsümünə hazırlıqla əlaqədar epizootiya tədbirlərinin davam etdirilməsi, profilaktik peyvəndləmə və dezinfeksiya işlərinin aparılması məqsədilə rayon Baytarlıq İdarəsi tərəfindən 25062 baş xırdabuynuzlu heyvanda qarayara xəstəliyinə, 12771 baş iribuynuzlu heyvanda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb.
    Cari ilin yaz-tarla işləri ilə əlaqədar rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işləri görülüb, yerli sortlardan ibarət meyvə bağlarının salınması, mövcud yaşıllıq sahələrindəki ehtiyac olan hissələrdə bərpa işləri aparılıb. Görülən işlərin davamı kimi ötən günlərdə Daylaqlı kəndi ərazisində yeni meyvə bağının salınması üçün 2 hektar sahə hazırlanaraq əkinəyararlı vəziyyətə gətirilib, 1900 alma, ərik, gavalı və gilənar tingləri əkilib. Mərəlik kəndi ərazisində 1 hektar meyvə bağında bərpa işləri zamanı 320 ərik və badam tingləri torpağa basdırılıb. Rayonda yerli şəraitdə yetişdirilən tinglərə üstünlük verilməsi və yeni toxmacarların əkilməsi diqqətdə saxlanılıb, yaşıllaşdırma tədbirlərində yerli tingçilikdə yetişdirilən 2220 ərik, gilənar, alma və gavalı tingindən istifadə olunub. Bundan əlavə, rayonun idarə, müəssisə və təşkilatları tərəfindən yaşıllıq sahələrində 38 min üzüm çubuğu basdırılıb.
    Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış reyd qrupları rayonun Badamlı qəsəbəsində, Mahmudoba, Nursu, Şahbuzkənd, Daylaqlı, Kiçikoba, Türkeş, Sələsüz, Mərəlik, Badamlı, Şada, Qızıl Qışlaq, Güney Qışlaq, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Gömür, Ağbulaq, Biçənək və digər kəndlərində reyd yoxlamaları keçirib. Həmçinin adıçəkilən kəndlərin ərazilərində elektrik, qaz xətlərinin də istismara yararlılığı yoxlanılıb. Aşkarlanan nöqsanlar barədə aidiyyəti üzrə məlumat verilib, maarifləndirici söhbətlər aparılıb. Bu istiqamətdə reydlər davam etdirilir. Eyni zamanda dini mərasimlərin, ziyarətlərin dini dəyərlərimizə uyğun şəkildə keçirilməsi üçün rayon ərazisində yerləşən qəbiristanlıqlarda təmizlik işləri aparılıb, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə müvafiq tapşırıqlar verilib. 
    Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Şahbuzun yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarında, ictimai-iaşə və ticarət obyektlərində, əhalinin sıxlığı müşahidə olunan yerlərdə dezinfeksiya işlərinin aparılması nəzarətdə saxlanılıb. Eləcə də ticarət və xidmət obyektlərində sanitar-gigiyenik şəraitə nəzarət və işçilərin tibbi müayinədən keçirilməsi məqsədilə yoxlamalar keçirilib. İşçilərin tibbi kitabçaları yoxlanılıb, obyektlərdə sanitar-gigiyenik şəraitə əməl edilməsi ilə əlaqədar maarifləndirici söhbətlər aparılıb. Naxçıvan və Şahbuz şəhərlərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına ailə təsərrüfatı məhsullarının çıxarılması üçün köməklik göstərilib.
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində görülən işlər belə deməyə əsas verir ki, digər bölgələrimizlə yanaşı, Şahbuzda da yaz-tarla işləri uğurla yekunlaşacaq, rayonun iqtisadiyyatında kənd təsərrüfatının rolu daha da artacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 21.04.2022 18:41