AZ EN RU

Üç qalib komandanın adı məlumdur

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə uşaq futbolu üzrə U-10, U-11, U-12, U-13 və U-14, eləcə də ölkə­nin ən kütləvi məktəbli futbol turniri olan AFFA “Coca-Cola Məktəbli Kuboku”nun mərhələ yarışlarında final görüşləri keçirilib.
    Uzunoba Təlim-Məşq İdman Kompleksində olimpiya sistemi üzrə keçirilən çempionatın ilk finalında 12 yaşlılardan ibarət “Kəngərli” və “Araz-Naxçıvan” komandaları meydana çıxıb. Daha baxımlı oyun sərgiləyən Naxçıvan təmsilçisi meydanı 7:1 hesablı qələbə ilə tərk edərək yarışın baş mükafatını qazanıb.
    U-14 liqasında “Araz-Naxçıvan” UGİM (Şərur) komandasını sınağa çəkib. Görüş birincilərin 10:3 hesablı qələbəsi ilə başa çatıb.
    Günün son qarşılaşması isə “Coca-Cola Məktəbli Kuboku”nun finalı olub.  Həlledici qarşılaşmada “Şərur” və “Naxçıvan” komandaları üz-üzə gəlib. Daha üstün oyun nümayiş etdirən şərurlular 5:4 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, bu gün daha 3 final görüşü keçiriləcək. Belə ki, azarkeşlər UGİM (Şərur) - “Araz-Naxçıvan” (U-13),  UGİM (Şərur) - “Araz-Naxçıvan” (U-11) və “Şərur” - “Araz-Naxçıvan” (U-10) oyunlarını izləyəcəklər.
    Qalib olan komandalar final mərhələsinə vəsiqə əldə edəcək. Final mərhələləri Bakı şəhərində təşkil olunacaq.

Ceyhun MƏMMƏDOV  

Nəşr edilib : 08.04.2022 19:04