AZ EN RU

Türkiyənin səhiyyə naziri: Ölkədə COVID-19-a yoluxma sayı ötən həftə pik həddə çatıb

Türkiyədə COVID-19-a yoluxma sayı ötən həftə pik həddə çatıb. Qarşıdan gələn həftə bu rəqəmin azalmasını gözləyirik. Koronavirusla bağlı xəstəxanalarda yatanların sayı da 28-30 faizə qədər azalıb. Reanimasiya şöbələrində müalicə olunanların sayında da 15 faiz azalma müşahidə edilir. Qarşıdan gələn 2-3 həftə ərzində koronavirusla bağlı rəqəmlərin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini ehtimal edirik.

Bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca mediaya açıqlamasında bildirib.

Qarşıdan gələn həftə Türkiyədə pandemiya ilə mübarizə istiqamətində yeni yol xəritəsinin açıqlanacağını deyən nazir Türkiyənin yerli vaksini “Turkovac”ın fevralın 21-dən etibarən ölkənin bütün dövlət xəstəxanalarında istifadəyə veriləcəyini də deyib.

Bildirilib ki, mart ayında “Turkovac”ın koronavirusun “omikron” variantına təsirinin araşdırılması işləri də başa çatacaq.

Nəşr edilib : 17.02.2022 14:47