AZ EN RU

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu ilə “Naxçıvan” Universitetində görüş olub

Diplomatik xidmət müddəti başa çatmaqda olan Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kirazın “Naxçıvan” Universitetinin tələbələri ilə görüşü olub. 

 Görüşdə universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmağımız qardaşlıq və dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə şərait yaradır.

 Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Hazırda muxtar respublikamız qardaş ölkə ilə digər sahələrlə yanaşı, elm və təhsil sahəsində də geniş əməkdaşlığa malikdir. Bu gün “Naxçıvan” Universiteti Türkiyənin 30-a yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlı qedir. Bu əməkdaşlıq iki istiqamətdə aparılır. Mövlana Mübadilə Proqramı çərçivəsində 20-yə yaxın universitetlə əməkdaşlıq edən “Naxçıvan” Universiteti həm tələbə-müəllim mobilliyini, həm də elmi əməkdaşlıq işlərini həyata keçirir. Bununla yanaşı, ali təhsil ocağı Türkiyədə yerləşən EURAS Universitetlər Birliyinin və Türk Dünyası Rəqəmsal Vətəndaşlıq layihəsinin də rəsmi iştirakçılarındandır. Bunun nəticəsində isə universitet təşkil olunan bütün simpoziumlar və sərgilərdə, eləcə də onlayn təlim və seminarlarda iştirak edə bilir. 

 60-dan çox türkiyəli tələbənin “Naxçıvan” Universitetində təhsil aldığını diqqətə çatdıran rektor vurğulayıb ki, onlar həm hazırlıq kurslarında, həm bakalavriat səviyyəsində, həm də magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər. 

 Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin ali təhsil müəssisələrinin birgə layihələrinin perspektivlərindən söz açıb.

  Bildirib ki, beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunub. Həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlib. Bu gün Türkiyə-Azərbaycan əlaqələri bölgədə sülhə və sabitliyə töhfə verir.  

 Baş konsul vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə iştirakı və strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Muxtar respublika ilə Türkiyə arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq hər il daha da genişlənir və inkişaf edir. 

  Naxçıvanda Baş konsul kimi fəaliyyət müddətinin başa çatması ərəfəsində olduğunu bildirən Məhmət Emin Kiraz Naxçıvandakı diplomatik fəaliyyətinin karyerasında mühüm mərhələ olduğunu bildirib, yaradılan şəraitə və yüksək diqqətə görə muxtar respublika rəhbərinə minnətdarlıq edib. Sonra tələbələrin suallarını cavablandırılıb.  

 Sonda türkiyəli diplomat ikicildlik “Türk şəhid diplomatlar” və “Atatürk və Türkiyənin xarici siyasəti” adlı kitablarını universitet kitabxanasına hədiyyə edib. “Naxçıvan” Universiteti adından xatirə hədiyyəsi Məhmət Emin Kiraza təqdim edib.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 14.11.2022 21:47