AZ EN RU

“Türkiyə motivləri” adlı fotosərgi açılıb

    Oktyabrın 13-də Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu, Türkiyə Foto Müxbirləri Dərnəyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin gözəlliklərini, tarixi, təbii və mədəni zənginliyini əks etdirən fotolardan ibarət “Türkiyə motivləri” adlı fotosərginin açılış mərasimi keçirilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov, nazirlik, komitə və təşkilat rəhbərləri, muxtar respublika ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və tələbələr iştirak ediblər.
    Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, fotosərginin təşkili Qars müqaviləsinin imzalanması gününə təsadüf edir və Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin daha bir göstəricisi kimi diqqəti çəkir. Sərgi Salonunda nümayiş etdirilən türk foto­qraflarının çəkdikləri fotolar dünyanın bir sıra şəhərlərində və Türkiyənin müxtəlif bölgələrində sərgilərdə təqdim edilib. Bu gün həmin sərgilərdən seçmə əsərlər burada nümayiş olunur. Bu fotolarda Türkiyənin gözəllikləri, müasirlik, tarixi binalar peşəkarlıqla işlənilib. Burada bütün incəsənət növlərinə xarakterik olmaq baxımından fotoqrafın seçim bacarığı, şəxsi üstünlükləri, zövqü aydın görünür və bu da fotoqrafiyanın incəsənətin bir qolu olduğunu bir daha göstərir. Fotoları diqqətlə izləyəndə torpağa, məmləkətə, Tanrının və insanların yaratdıqlarına qarşı  böyük sevgi və məhəbbət  yaranır. 

    Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxışında qeyd edib ki, bugünkü sərginin bütün hissəsini, dünyanın müxtəlif şəhərlərində sərgilənən, müsabiqələrdə seçilmiş fotolar təşkil edir. Bu fotolar, eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 11-13 mart 2022-ci il tarixlərdə keçirilən Antalya Diplomatiya forumunun iştirakçılarına da təqdim olunub. Türkiyənin Naxçıvandakı Baş konsulu bu fotoları Naxçıvanda sənətsevərlərə təqdim etməkdən məmnunluq ifadə edib. Vurğulanıb ki, Türkiyənin müxtəlif yönlərini izah edən bu fotoşəkillər naxçıvanlıların qardaş ölkənin gözəlliklərini bir daha göstərəcək və bu yerlərə getmək üçün daha da həvəsləndirəcək. 
    Bildirilib ki, bu tədbir Qars müqaviləsinin imzalanmasının 101-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Qars müqaviləsi dünyada və bölgəmizdə gedən müharibələrə son qoydu, sülh və sabitlik dövrünün başlanğıcı oldu. Eyni zamanda bu müqavilə ilə Naxçıvanın Azərbaycanın ayrılmaz torpağı olduğu qəbul edilib. Qars müqaviləsi həm də Türkiyə-Azərbaycan münasibətlərinin nə qədər qədim və köklü olduğuna işarədir. Heç şübhəsiz ki, Azərbaycanda 44 günlük Vətən müharibəsində qazanılan Qələbə sayəsində sülh müqaviləsi bağlanacaq və bölgəmizdə əmin-amanlıq hökm sürəcəkdir. 
    Məhmət Emin Kiraz çıxışının sonunda Rəssamlar Birliyinə sərgiyə ev sahibliyi etdikləri üçün təşəkkür edib. 
    Sonra sərgiyə baxış olub. Fotosərgidə Ozan Gözəlcə və Şəbnəm Coşkunun “İstanbul”, İskəndər Səlçukun “Van”, Məhmət Aslanın “Rize”, Əhmət Harmancının “Artvin”, Mətin Öztürkün “Trabzon”, Rza Özəlin “Ərzurum”, Ərdəm Şahinin “Antalya” və digər fotoqrafların əsərlərini iştirakçılar maraqla qarşılayıb. 
      36 fotoqrafın çəkdiyi 44 fotoşəklin nümayiş etdirildiyi sərgi bir həftə davam edəcək. 

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 13.10.2022 19:25