AZ EN RU

Türkiyə komandasının liderliyi davam edir

    16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 6-cı turun oyunları keçirilib.
    “Azərbaycan-Naxçıvan” komandası bu turda Banqladeş yığması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Ferdusi Yannatulla oyunda da qələbəni bayram edib. Rza Həsənli Reja Manonla, Zərifə Abbasova isə Haq Sajidulla oyunda ağ-qara masanı məğlub tərk ediblər. Sadiq Abbasov Sadcid Mustafa Saklinlə görüşdə qalib gələ bilməyib və komandamız 1:3 hesabı ilə məğlub olub.
    Ötən turu bir xalla başa vuran “Azərbaycan-1” komandası “Azərbaycan-4” komandası ilə görüşdə rəqibinə heç bir şans tanımayıb – 3:1. “Azərbaycan-3” komandası isə “CAR-1” komandası ilə görüşdə yalnız yarım xal toplaya bilib. Digər 3 görüşdə qalib gələn Afrika təmsilçisi ağ-qara taxtanı 3,5:0,5 hesablı qələbə ilə tərk edib. Latviya yığması ilə görüşdə “Azərbaycan-Sumqayıt” komandası məğlubiyyət acısı dadıb – 1,5:2,5. 10-cu masada Malayziya yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası qələbə qazanıb – 2,5:1,5.
    Bu tur azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası Kuba yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib – 3:1.
    “İran” komandası bu tur “Qazaxıstan” komandası ilə üz-üzə gəlib. Son oyunda iranlıların ən reytinqli şahmatçısı Bardiya Daneşvarın Daniel Sapenov üzərində qalibiyyəti komandasına qələbə qazandırıb – 3:1. Heç kimin gözləmədiyi halda “Türkiyə-Anatolia” komandası “Özbəkistan-1” komandası ilə oyunda məğlub olub – 3,5:0,5. Hindistan yığması isə Monqolustan millisi ilə görüşün əvvəlində əldə etdiyi üstünlüyü sonadək davam etdirib və qalib gəlib – 3:1.
    6-cı turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
    Qırğızıstan – Meksika – 2,5:1,5
    Özbəkistan-2 – Türkiyə-White – 3,5:0,5
    Moldova – Şri-Lanka – 1,5:2,5 
    Gürcüstan-1 – İngiltərə - 4:0
    CAR-2 – Kanada – 0,5:3,5
    Panama – Livan – 2,5:1,5
    Honqkonq – Gürcüstan-2 – 3:1
    Misir – CAR-3 – 1,5:2,5
    Hazırda turnir cədvəlinə  “Türkiyə-Red” komandası 12 xalla başçılıq edir. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.10.2022 20:41