AZ EN RU

Türk Tarix Qurumunun sədri Birol Çətin: “Məqsəd ortaq türk tarixini elmi şəkildə dərindən araşdırmaqdır”

    Naxçıvan Dövlət Universitetində keçirilən ikitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları ali təhsil ocağında görməkdən məmnunluq duyduğunu ifadə edib. Rektor universitetin yaranma tarixi, mövcud ixtisaslar haqqında məlumat verib. Universitetin yaranmasının 55 illiyinin qeyd olunduğunu bildirən rektor ali təhsil ocağında Tarix ixtisasının da təməlinin elə məhz universitetin yarandığı dövrlə bağlı olduğuna diqqəti çəkib. Universitetin beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişafı ilə bağlı bildirilib ki, bunun aydın təzahürünü ilbəil artan xarici tələbə sayı dinamikasında görmək olar. Vurğulanıb ki, ali təhsil ocağında 10 ölkədən olmaqla, 1500-ə yaxın əcnəbi tələbə təhsil alır ki, bunun da 800 nəfəri türkiyəlidir. Məlumat verilib ki, universitetin beynəlxalq əlaqələrində Türkiyə Respublikası xüsusi əhəmiyyətə malikdir. Diqqətə çatdırılıb ki, dünyanın 130-dan çox ölkəsi ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin Türkiyənin 80-dək ali təhsil ocağı ilə əlaqələri mövcuddur. Universitetdə fəaliyyətə başlayacaq Texnoparkdan bəhs olunarkən vurğulanıb ki, bu sahədə də qardaş Türkiyə universitetləri ilə beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Rektor universitetin ikili diplom layihələrində fəal iştirakı haqqında məlumat verib. 

    Türk Tarix Qurumunun sədri Birol Çətin Naxçıvanda olmaqdan sevinc hissini dilə gətirib. Təmsil etdiyi Türk Tarix Qurumunun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor qurumun 90 ildən artıq dövrünə nəzər salıb. Bildirilib ki, bu illər ərzində türk tarixinin araşdırılmasını əsas məqsəd kimi qarşıya qoyan qurumun son illər arxeologiya sahəsində aşkar etdiyi elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərib. Bütün ixtisas sahələrinin tarix elmi ilə əlaqədar məqamlarına toxunan professor bu elm sahəsində böyük inkişafın əldə olunduğunu diqqətə çatdırıb. Birol Çətin müasir siyasi proseslərdə və beynəlxalq elmi  arenada tarix elminin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, keçirilən görüşlərin əməli nəticəsi olmalı və müəyyən məqsədə çatmaq üçün bir hədəf müəyyənləşməlidir.
    Müzakirə şəklində keçirilən görüşdə əməkdaşlıq məsələlərinə toxunulub, birgə elmi nəşrlər, konfrans və görüşlərin keçirilməsi barədə razılığa gəlinib. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
    Qeyd edək ki, görüşdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

    Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Türk Tarix Qurumunun sədri və nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Qonaqlar səfər çərçivəsində elm, təhsil sahəsində bir sıra rəsmi görüşlər keçirib, muxtar respublikanın tarixi-mədəni abidələrini, turizm obyektlərini ziyarət ediblər. Türk Tarix Qurumunun sədri, professor Birol Çətin səfərin məqsədi, keçirilən görüşlərin nəticələri barədə fikirlərini “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb:

    – Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərimiz çox məhsuldar və uğurlu keçdi. AMEA Naxçıvan Bölməsi ilə birgə elmi araşdırmaların aparılması, beynəlxalq simpoziumların, konfransların və tədbirlərin təşkili, elmi əsərlərin müəllif hüquqlarının və tərcümələrinin dəstəklənməsi, nəşr edilməsi və yayılması, Türkiyə və Azərbaycan arxeoloqlarının birgə iştirakı ilə arxeoloji qazıntıların aparılması, elmi və mədəni görüşlərin birgə təşkili, elm adamlarının, doktorant və mütəxəssislərin mübadiləsi, hər iki ölkədə doktorantura tələbələri üçün yay məktəblərinin təşkili və digər mühüm məsələləri özündə əks etdirən müqavilə imzaladıq. Niyyətimiz bütün bunların kağız üzərində qalması yox, gerçəkliyə çevrilməsidir. Naxçıvanın çox ciddi potensialı vardır, xüsusilə də buradakı elm, təhsil sahəsinə rəhbərlik edən insanların tarixçi olması, dövlətin tarixin qorunmasına, yaşadılmasına qayğı ilə yanaşması bizi birgə elmi fəaliyyətə həvəsləndirir. Bildiyimiz kimi, tarix məsələsi çox həssasdır, önəmlidir. Əgər biz bərabər çalışmasaq, xalqlarımızın bədxahları tarixi saxtakarlıqla əleyhimizə sui-istifadə edə bilərlər. Bu mənada, tarixçilər ölkələri bir-birinə düşmən də, dost da edə bilər. Biz bunun fərqindəyik. Türk Tarix Qurumu 91 illik bir qurumdur. Nəticə etibarilə, bizim əsas məqsədimiz türk tarixini elmi şəkildə bütün yönləri ilə dərindən araşdırmaqdır. Elə muxtar respublika rəhbəri də bizimlə görüş zamanı bu mühüm məsələyə diqqəti çəkərək ortaq türk tarixinin yazılmasının, qədim türk torpağı olan Naxçıvanın tarixi ilə bağlı birgə elmi araşdırmalar aparılmasının zəruriliyini vurğuladı. Naxçıvandakı məsləkdaşlarımızla ortaq işlərimiz çox olacaq. Gənc nəsil çap məhsullarından daha çox elektron vasitələrə üstünlük verdikləri üçün məqsəd müasir texnologiyalardan da istifadə edərək tarixi öyrətmək və sevdirməkdir. Məhz səfər zamanı bu istiqamətdə hansı işlər görəcəyimizi də müzakirə etdik. Eyni zamanda gənc elm adamlarının yetişməsində də imkanlarımızı qarşılıqlı şəkildə paylaşacağıq. Azərbaycan tarixə maraqlı, tarixə qiymət verən bir ölkədir. Biz tarix qurumu olaraq belə bir fürsəti mütləq dəyərləndirməliyik. Bir ildir, artıq görüşlərimiz olur. Daha öncə bir toplantı keçirdik. Bu layihələri reallaşdırandan sonra daha ətraflı danışmaq olar. 
    Onu da deyim ki, ilk dəfədir, Naxçıvana gəlirəm. Naxçıvan çox gözəl şəhərdir. Təbiəti gözəldir, şəhər planlanması olduqca maraqlıdır. Təbii ki, tarixi baxımdan muzeylərin etnoqrafik materiallarla zənginləşdirilməsi lazımdır. Bu məsələlərdə qurumumuzun əməkdaşları tərəfindən köməklik göstərilə bilər. Ümumiyyətlə, gələcəkdə bir sıra istiqamətlərdə birgə işlər həyata keçirməyi planlaşdırırıq. Əminik ki, əməkdaşlığımız öz müsbət nəticələrini verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 26.05.2022 00:29