AZ EN RU

Turizm üçün ideal məkan: Naxçıvan

    İstirahət günləri muxtar respublikamızın bir-birindən gözəl olan guşələrini gəzməyi çox xoşlayıram. Çünki bu qədim diyarın saf və təmiz havası, rahat və hamar yolları, insanların sağlamlığına xidmət edən parkları, yaşıllıqları, həyata vəsiqə alan neçə-neçə tikililəri, insanların çöhrəsindəki təbəssüm, sabaha inam eşqi mənim də qəlbimə isti nəfəs və hərarət gətirir. Sözün doğrusu, bu gözəlliklərə baxdıqca baxmaq istəyirəm. Naxçıvanın adı yurdumuza qonaq gələn əcnəbi turistlərin sözlərində və təəssüratlarında dünyanın cənnət guşələrindən biri kimi çəkilir. Bu gün bir vaxtlar gəzdiyimiz, mavi ekranlarda izlədiyimiz və gözəlliyinə həsəd apardığımız şəhərlərin önündə dayanan Naxçıvanımızı gördükcə qürur hissi keçiririk. Niyə də keçirməyək? Axı Naxçıvan burada yaşayanların hamısının Vətənidir. Doğma evimizdir. Ona görə də onu sevmək, hər qarışına töhfə vermək hər birimizin vətəndaşlıq borcudur.

    Ötən günlərimizə nəzər salsaq, görərik ki, blokada şəraitində olan Naxçıvan min cür ağırlığa, səfalətə fədakarlıqla sinə gərib, misilsiz əzmkarlıq nümayiş etdirərək genişmiqyaslı dəyişikliklərə imza atıb. Müstəqillik illərində inkişaf dinamikasına görə Azərbaycanda ən öncül region olub. Bu inkişafda isə turizmin xüsusi payı var. Çünki turizm bir sıra ölkələrin milli dəyərlərinin formalaşmasında əsas cəhətlərdən birini təşkil edir, iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdə tutulur. Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin gənclər paytaxtı seçilməsi respublikamızın bu bölgəsinin turizm imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Görülən işlərin nəticəsidir ki, Londonda nəşr edilən “Vanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd olunmuşdur. Naxçıvanın bir turizm məkanı kimi tanıdılmasında bloqçu gənclərimizin də əməyini qiymətləndirmək yerinə düşər. Qürurverici haldır ki, sosial şəbəkələrdə yüzlərlə gənc qədim yurd yerimizin təbliğinə xidmət edən səhifələr yaradıblar. Bunu da vurğulamaq istəyirəm ki, yayılan hər hansı dezinformasiya xarakterli məlumatlara düzgün və yerindəcə, həmçinin sərrast cavab verməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər. Müxtəlif peşələrə sahib olan sosial-şəbəkə istifadəçiləri könüllü olaraq Naxçıvanı sosial şəbəkələrdən fəxrlə təbliğ edirlər. Kimisi qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinin dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilməsini, kimisi füsunkar və əsrarəngiz təbiətini, tarixi­-mədəniyyət abidələrini, kimisi də mineral sərvətlərini, milli mətbəxini fotolara köçürüb müasir Naxçıvanımızı sevgi və qürurla paylaşır. 
    Turistlərin dilindən eşitmişəm ki, onlar səyahət edəcəkləri hər hansı bir məkanı seçəndə bir neçə amilə xüsusi diqqət yetirirlər. Məkanın əsrarəngiz gözəlliyi, təbiəti, rahat və təhlükəsiz yolu, gözəl hava şəraiti, keyfiyyətli qida servisləri, bir də tarixi zənginlik. Bu mənada, Naxçıvan turistlər üçün ən ideal məkandır. Çünki burada milyon il dəniz dibində yaşamış canlıların izlərindən tutmuş, müasir təbabətdə geniş istifadə olunan dərman bitkilərinə, səhratipli düzənliklərdən tutmuş  4 fəslin bir arada yaşandığı dağ çəməni və bitkilərinədək hər cür təbiət gözəllikləri tapmaq mümkündür. Çünki Qarabağlar Asnısında qaynayan həyatı, yazın çiçək dövründə Ağbulağın dolaylarından enərkən açılan təbiət mənzərəsini, Nəhəcir bulağının möcüzəvi gözəlliyini gördükcə Uca Yaradanın qüdrətinə şahidlik edirsən. Bu mənzərələr hər gün yüzlərlə, minlərlə turistin saatlarla tamaşasına dayanmağına bəs edər.
    Yol mədəniyyət, həm də uzaq səyahətin başlandığı yerdir. Xüsusən yaddaqalan səyahət üçün rahat və təhlükəsiz yollar turistlərin maraq dairəsindədir. Tarixən qədim İpək Yolu üzərində mühüm ticarət karvanlarının keçid yolu olmuş Naxçıvan öz müasir yolları ilə, hətta ən inkişaf etmiş ölkələrdən gələn turistlərin də, sözün əsl mənasında, ürəyincədir. 
    Gözəl hava şəraiti xüsusən səyahət zamanı hər kəs üçün arzu­olunandır. Əgər fikir versək, görərik ki, səyahətə yollanan hər kəs gedəcəyi yerin iqlimi və hava şəraitilə maraqlanır. Şübhəsiz ki, hər bir insan illərboyu yaşadığı təbii mühitə uyğunlaşdığından onun üçün uzaq yerlərdəki qeyri-adi hava şəraiti həmişə sürpriz ola bilər. Ona görə də ilin hansı fəslində olursa-olsun, Naxçıvana gələn hər bir turist üçün bu torpağın, necə deyərlər, büllur kimi saf havasını udmaqdan gözəl heç nə yoxdur. Səyahət edənlər yaxşı bilirlər ki, bol oksigenli, təmiz hava həmişə insanın yorğunluğunu çıxaran, iştahanı açan təbii amillərdəndir. Belə hava isə Naxçıvanda ilboyu vardır. 
    Keyfiyyətli qida servisi də səyahət zamanı turistlərin istifadə etdiyi əsas xidmətlərdən biridir. Səyahət etdiyi regiona xas olan keyfiyyətli və ləziz yeməklər isə hər bir turistin yaddaşında həmişəlik qalır. Naxçıvan mətbəxi dünyanın istənilən yerindən gəlmiş turistlərin diqqətini cəlb edir. Naxçıvan torpağının, suyunun və zəhmətkeş kəndlisinin əməyinin bəhrəsi olan ekoloji, təmiz, yerli ərzaq məhsullarımız peşəkar qonaqpərvərliklə turistlərə təqdim olunduqda onlar bu diyara ikinci dəfə gəlmək həvəsinə düşəcəklər. 
    Tarixi zənginlik isə Naxçıvanın əsl sərvətidir. Məsələn, Naxçıvanın simvollarından biri olan Əlincəqalaya səyahət zamanı buradakı muzeydə VI əsrə aid olduğu hesab edilən gümüş pula baxan turistlər Naxçıvanın hələ min illər öncədən sahib olduğu iqtisadi və mədəni inkişaf səviyyəsi haqqında təsəvvür əldə edə bilirlər. Bu mənada, Naxçıvan Azərbaycan xalqının qədim tarixinin yaşandığı, bugünkü inkişafının əks olunduğu mühüm turizm məkanlarından biridir. 
    Göründüyü kimi, Naxçıvan turizm üçün ideal məkandır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublika sürətlə turistlər üçün cəlbedici bölgəyə çevrilir. Yaxın gələcəkdə isə turizmin muxtar respublikanın ümumi daxili məhsulunda payının daha da yüksələcəyini söyləmək olar. 

Rövnəq XƏLİLOV 
Dövlət və Bələdiyyə İdarələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan
 Muxtar Respublika Komitəsinin sədri 

Nəşr edilib : 07.02.2023 20:22