AZ EN RU

Turistik mərkəzlərdə qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar davam etdirilir

    Yay turizminin davam etdiyini və turistlərin muxtar respublikaya marağını nəzərə alsaq turizmin ən mühüm amillərindən biri kimi məsələnin “tanıtmaq” və “təbliğ etmək” seqmentinin reallaşması üçün əlverişli zamanın olduğu danılmaz bir faktdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışların muxtar respublikanın turistik mərkəzlərində təşkili, bu mənada, mühüm əhəmiyyət kəsb edir. 
    Heç şübhəsiz ki, yerli sakinlərin və gələn qonaqların vaxtlarını maraqlı və əyləncəli keçirmələri üçün üz tutduqları ən ideal məkanlardan biri də “Saat Meydanı” turistik istirahət mərkəzidir. Məhz bu baxımdan qadınların məşğulluqlarının təmin edilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, həmçinin qadınların əl işlərinin, qədim el sənətinin, milli mənəvi dəyərlərin və xalq tətbiqi sənətinin təbliği məqsədilə növbəti səyyar sərgi-satış “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil edilmişdir.
    Səyyar sərgi-satışda toxuma, tikmə, dekorativ iş, təbii daşlardan və yerli daşlardan bəzək əşyaları, gipsdən əl işi, xalça, mis üzərində döymə, taxta üzərində yandırma, ağac üzərində oyma, dekorativ tablo, tikmə tablo olmaqla, ümumilikdə, 15 qadının 1300-dən artıq əl işi sərgilənmişdir. Yerli sakinlər və qonaqlar sərgi-satışa böyük maraq göstərmiş və zövqlərinə uyğun əl işlərini satın almışlar. 

 Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və 
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2022 20:16