AZ EN RU

Torpaqların su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

    Muxtar respublikanın mövcud su anbarlarında sentyabr ayının sonuna 70,68 milyon kubmetr su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə ötən ay 7,16 milyon kubmetr su verilmiş, bunun müqabilində 5 min 957 hektar torpaq sahəsi suvarılmışdır. Hesabat ayında 0,05 kilometr seləqarşı istiqamətləndirici bənd tikilmiş, 5,4 kilometr beton və torpaq kanal, 14,35 kilometr ara arxlar, 2,2 kilometr kollektor lildən təmizlənmişdir. 6,66 kilometr içməli su, 0,62 kilometr kanalizasiya xətti, 11,23 kilometr suvarma boru xətti, 2,27 kilometr təzyiqli boru xətti, 0,33 kilometr yeni kaptaj tikilmişdir. 2,6 kilometr mövcud içməli su, 0,11 kilometr kanalizasiya xətlərində, 0,55 kilometr suvarma, 3 kilometr təzyiqli boru xətlərində, 0,83 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. Torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. 

    Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Çeşməbasar və Güznüt kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi üçün hamarlama və boru xətlərinin çəkilişi üçün qazma işləri görülmüş, 11,23 kilometr paylayıcı xətlər quraşdırılmışdır. Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonundakı Alışar kollektorunda 2, Sədərək rayonundakı Heydərabad-Şirarxı kollektorunda isə 0,2 kilometr təmizləmə işləri aparılmışdır. Görülən işlər nəticəsində Şərur rayonunda 12, Sədərək rayonunda 0,9 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
    Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,86, Şahbuz və Culfa rayonlarının hər birində 0,06, Naxçıvan şəhərində isə hərbi hissə ərazisində 1,69 kilometr içməli su xətti çəkilmiş, Şərur, Babək, Şahbuz, Culfa, Ordubad və Kəngərli rayonlarında, ümumilikdə, 2,61 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri həyata keçirilmişdir. Bundan əlavə, Babək rayonunun Qahab kəndində 1,1 kilometr içməli su xətti çəkilmiş, Cəhri qəsəbəsinə isə içməli su xəttinin çəkilişi davam etdirilmiş, 2,88 kilometr uzunluğunda yeni xətt quraşdırılmışdır. 
    Babək rayonunda Payız kəndinin kaptajında 100, Şahbuz rayonunda Dağdağan içməli su xəttinin kaptajında 25, Culfa rayonunda Göydərə, Qızılca, Ərəzin və Kırna kəndlərinin kaptajlarında 420, Ordubad rayonunda Dəstə və Unus kəndlərinin kaptajlarında 280 metr təmir-bərpa işləri aparılmış, Culfa rayonunun Saltaq kəndində 220, Ordubad rayonunun Vələver kəndində isə 10 metr yeni kaptaj tikilmişdir. Bundan başqa, Babək rayonunun Cəhri qəsəbəsinə çəkilən içməli su xəttini qidalandıran və uzunluğu 100 metr olan kaptajın tikintisi başa çatdırılmışdır. Babək şəhərində 6, Ordubad şəhərində 100 metr mövcud kanalizasiya xətlərində təmir işləri aparılmış, Babək, Şahbuz, Culfa, Ordubad və Naxçıvan şəhərlərində, ümumilikdə, 618 metr kanalizasiya xətti quraşdırılmışdır. 
    Suvarma mövsümünü uğurla başa çatdırmaq məqsədilə Şərur, Şahbuz, Culfa və Kəngərli rayonlarında, ümumilikdə, 465 metr suvarma boru xətləri təmir olunmuşdur. Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunda 80 metr suvarma boru xətlərində təmir-bərpa işləri görülmüşdür. Nasos stansiyalarında aparılan təmir-bərpa işləri ilə bərabər, təzyiqli boru xətlərində 3 kilometr təmir işləri aparılmışdır. Bundan əlavə, Sirab gölünə nasos stansiyasından təzyiqli boru xəttinin çəkilişi davam etdirilmiş, 2,15 kilometr uzunluğunda xətt quraşdırılmışdır. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmiş, 0,12 kilometr uzunluğunda xətt çəkilmişdir. 
    Sentyabr ayında 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 1-nə yeni nasos quraşdırılmaqla, 86-sı təmir olunmuşdur. Həmçinin Babək rayonunun Qahab kəndində 1 subartezian quyusu istifadəyə verilmişdir. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə kanalizasiya və içməli su xətlərinin  quyularında təmir-bərpa işləri aparılmış, yeni kanalizasiya  quyuları tikilmiş, 0,96 kilometr kanalizasiya xətti quraşdırılmışdır. Nasos stansiyasında      4  nasos quraşdırılmış, transformator və hücrə otaqları tikilmişdir. İçməli su şəbəkəsini qidalandıracaq 15 subartezian quyusunun yuyulması, Kəngərli rayonunun Qarabağlar kəndində 1 subartezian quyusunun tikintisi başa çatdırılmışdır. Eyni zamanda Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, su anbarlarının ətrafında abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və

Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 18:14