AZ EN RU

Torpaqların su təminatı yaxşılaşdırılır

    Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq  Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe təşkilatları tərəfindən ilin əvvəlindən tərtib edilmiş qrafikə uyğun olaraq mart ayı ərzində kanallarda, nasos stansiyalarında, təzyiqli boru xətlərində və digər hidrotexniki qurğularda təmir işlərinin aparılması və su anbarlarına suyun yığılması işləri diqqətdə saxlanılmış, ay ərzində sututarlara 18,24 milyon kubmetr su yığılmışdır. 
    Ötən ay 0,3 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmiş, 32,94 kilometr beton və torpaq kanal, 17,97 kilometr ara arxlar, 0,2 kilometr kollektor lildən təmizlənmiş, 0,73 kilometr içməli su, 0,39 kilometr kanalizasiya, 4,75 kilometr suvarma boru, 1,05 kilometr təzyiqli boru xətləri çəkilmişdir. 2,07 kilometr mövcud içməli su, 0,13 kilometr kanalizasiya, 1,57 kilometr suvarma boru, 1,11 kilometr təzyiqli boru xətlərində və 0,23 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır. 
    Torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işləri davam etdirilmişdir. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi istiqamətində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 2,89 kilometr paylayıcı xətlər çəkilmiş, 5,15 kilometr müxtəlif diametrli plastik borular qaynaq edilmiş və suvarma boru xətlərinin çəkilişi üçün qazma işləri aparılmışdır.
    Kəngərli rayonunun Böyükdüz kəndinin 2100 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz çayından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi uğurla həyata keçirilir.
    Görülən işlər nəticəsində Sədərək rayonunda 1,1 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq üçün Babək rayonunda Sirab və Qaraqala selovlarında 0,3 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmişdir.
    Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində Uzunoba gölü yaxınlığında olan təpədə salınmış yaşıllıq zolaqlarının 0,95, Culfa şəhəri ərazisində isə 0,07 kilometr suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. 
    Babək rayonu ərazisində Uzunoba gölünün ətrafında tikilən bağ evlərinin yaxınlığındakı təpədə yeni üzüm bağının salınması məqsədilə müvafiq işlər başa çatdırılmışdır. Yeni salınmış bağın suvarma suyu ilə təmin edilməsi üçün 450 metr uzunluğunda suvarma xətti çəkilmiş, 1200 metr uzunluğunda paylayıcı xətlər quraşdırılmış və bağın damcı üsulu ilə suvarılması üçün əlverişli şərait yaradılmışdır. Kəngərli rayonunda Şahtaxtı Gömrük İdarəsinə gedən avtomobil yolunun kənarlarında salınmış yaşıllıq zolaqlarını damcı üsulu ilə suvarmaq üçün suvarma boru xətlərinin çəkilişi davam etdirilmiş, 0,2 kilometr boru xətti çəkilmişdir.  
    Hesabat ayında 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə təmir-bərpa işləri davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 44 subartezian quyusu təmir olunmuşdur. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Kəngərli rayonunun Qarabağlar kəndində 1 subartezian quyusunun tikintisi başa çatdırılmış, Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 6,81 kilometr içməli su xətti quraşdırılmış və 110 evin su xəttinə birləşməsi işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 21:14