AZ EN RU

Teleradiolarda peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən  nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən çatışmazlıqlar dərhal teleradiolara bildirilmiş və aradan qaldırılmışdır. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmiş Fərman və sərəncamlar, Dövlət proqramlarının icrası teleradiolarda operativ şəkildə işıqlandırılmışdır.
    Qeyd edək ki, may ayının 19-da Naxçıvan televiziyasında monitorinq keçirilmiş, televiziya və radionun birinci rübdəki fəaliyyəti təhlil olunmuş, nöqsan və təkliflər diqqətə çatdırılmışdır. 
    Hesabat dövründə Naxçıvan tele­viziyasında Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə  həsr olunmuş 12 telematerial hazırlanmışdır. 
    May ayında verilişlərin növbəti 90 sayı efirə təqdim olunmuşdur ki, bunun da  22-si İctimai-siyasi məsələlər  redaksiyası, 10-u  Təhsil və sosial məsələlər redaksiyası, 20-si Ədəbi-bədii verilişlər və müəllif proqramları redaksiyası, 24-ü “Səhər” proqramı və musiqi verilişləri (21 veriliş “Günaydın” səhər proqramına aiddir) redaksiyası, 13-ü  Uşaq, gənclər və idman redaksiyası, 1-i Sənədli filmlər və dublyaj redaksiyası tərəfindən hazırlanmışdır. 
    Ölkəmizdə 130 illiyi qeyd edilən istiqlal şairimiz Əhməd Cavadın doğum günündə televiziyada videoçarx hazırlanmış, “İstiqlal carçısı”, “Söz məclisi”, “Ədəbi portretlər” verilişləri yayımlanmış, “Günaydın” səhər proqramının xüsusi buraxılışları təqdim edilmişdir. Qeyd edək ki, televiziyanın şairlə bağlı hazırladığı videoçarx sosial şəbəkələrdə populyarlıq qazanmışdır. May ayında “Xəbərlər” proqramının əsas buraxılışından aktual süjetlər, xüsusi reportajlar yayımlanmışdır. 
    Bəhs edilən dövrdə Naxçıvan radiosu 487 saat efirdə olmuşdur. Ümumi efirin 59 faizi radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 41 faizi isə konsert proqramları və digər hazır materiallardan ibarət olmuşdur. Ümumilikdə, ay ərzində  98 veriliş və canlı proqram, 375 konsert proqramı təqdim edilmişdir. May ayında Naxçıvan radiosunun efirində yeni bir layihə – “Miras” verilişi hazırlanaraq təqdim edilmişdir. 
    “Kanal 35” televiziyasında ötən ayda “İnteraktiv dərs. “Əhməd Cavad – 130”, Heydər Əliyev Muzeyi, “Mütaliə vaxtı”, “Təhsilə dair”, “Canlı radio: Nazilənin kitab rəfi”, “Elektronika nədir?” adlı verilişlər hazırlanaraq efirə yayımlanmışdır. Həmçinin muxtar respublikanın təhsil sahəsində yeniliklər və keçirilmiş tədbirlər “Təhsildə bu gün” başlığı ilə efirə təqdim edilmişdir. Muxtar respublikanın turizm, mədəni, sosial, iqtisadi və başqa sahələrini əks etdirən videomaterialların yayımı may ayında davam etdirilmiş, bu mövzularda televiziyada 24 film efirə təqdim edilmişdir ki, bu da ümumi efirin 7,8 faizini təşkil etmişdir. 
    Bəhs edilən dövrdə “Naxçıvanın səsi” radiosu 488 saat efirdə olmuş və efir müddətinin 152 saatını canlı yayım proqramları təşkil etmişdir. Ümumilikdə, ay ərzində canlı proqram və verilişlər efirin 27 faizini, milli musiqilər 44 faizini, “Xəbərlər” proqramı 8,6 faizini, təhsil və maarif yönümlü audioçarxlar  20,1 faizini təşkil etmişdir.
    Televiziya və Radio Şurası may ayında Universitet televiziyası ilə əməkdaşlığı davam etdirmiş, yaradıcı dəstəyi ilə gənc televiziya əməkdaşlarına stimul vermişdir. Belə ki, şura əməkdaşının mütəmadi olaraq televiziyanın yaradıcı və texniki iş prosesindəki iştirakı efir təqdimatına cəlb olunmuş tələbə jurnalistlərlə görüşlərin keçirilməsi, onlara təcrübi biliklərin aşılanması, efir prosesindəki təqdimatın əyani şəkildə nümayiş etdirilməsi təqdimat sarıdan müsbət irəliləyişin olmasına gətirib çıxarmışdır.  Universitetin “Nuhçıxan” radiosu may ayında, əsasən, yayım profilini konsert proqramları və tələbələrin sərbəst işləri, kollokvium və dialoq şəklində hazırlanmış verilişlərlə qurmuşdur. Yaxşı haldır ki, ötən aylarda, əsasən, televiziya proqramlarının audio variantı ilə öz yayım profilini quran radioda artıq yeni verilişlər efirə təqdim edilir. 
    Şura may ayında “Naxçıvanı qürurla paylaşırıq” layihəsi ilə Naxçıvanla bağlı yüzlərlə paylaşıma nail olmuş, baxış sayını 5 milyona çatdırmışdır. Qeyd edək ki, layihə çərçivəsində rejissor Vahid Həsənovun Batabatla bağlı paylaşdığı video Azərbaycanda yüzlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılmış, yüzlərlə rəy yazılmışdır. Həmçinin şura tərəfindən may ayı ərzində digər sosial şəbəkələrdə 490 linkdə 814 şəkil, video və xəbər paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

Nəşr edilib : 21.06.2022 20:44