AZ EN RU

Teleradio jurnalistikasının inkişafı günün tələbidir

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin avqust ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmiş, müəyyən nöqsanlar qeydə alınmışdır. Müşahidə edilən çatışmazlıqlar dərhal teleradiolara bildirilmiş və aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
    Hesabat dövründə Naxçıvan Televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə həsr olunmuş 5 telematerial hazırlanmışdır.  
    Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə  bağlı möhtəşəm xəbər Naxçıvan Televiziyasında da operativ şəkildə izləyicilərin diqqətinə çatdırılmışdır. 
    Hesabat ayında verilişlərin növbəti 91 sayı efirə təqdim olunmuşdur.     Televiziyada verilişlərin uğurlu alınması üçün əsas şərt mövzunun düzgün seçilməsidir. Bu baxımdan aktual məsələləri ümumi auditoriya üçün sadə və anlaşıqlı dildə təqdim edən “Mövzu bizik”, “İqtisadiyyat”, “Qanunçuluq” verilişləri yaddaqalan olmuşdur. 
    Avqust ayında təhsil profilli verilişlərdə operativlik nümayiş etdirilmiş, aparıcı hazırlığı müşahidə edilmişdir. “Uğur düsturu” verilişində orta ümumtəhsil məktəbləri şagirdlərinin və ali təhsil ocaqları tələbələrinin yeni STEAM layihələrindən bəhs edilmişdir. 
    “Təhsil və zaman” verilişində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il avqustun 18-də imzaladığı Fərmanla təhsil sahəsində çalışanların maaşlarına əlavələr edilməsi ilə bağlı diskussiya şəraitində müzakirələr aparılmış, tamaşaçılar tərəfindən sosial şəbəkələr vasitəsilə ünvanlanan suallar mütəxəssislər tərəfindən izah edilmişdir. 
    Hesabat dövründə, əsasən, müəllif proqramları və ədəbi-bədii profilli layihələr yayımlanmışdır. Ay ərzində iki sayı təqdim edilən “Zəhmətkeş” verilişi tərtibatı ilə diqqəti cəlb etmişdir. Həmçinin Babək rayonundan olan şəhidimiz Ümid Novruzludan bəhs edən “Vətən uğrunda” verilişi vətənpərvərlik hisslərinin aşılanması baxımından mühüm əhəmiyyət daşımaqdadır. 
    Naxçıvan Radiosu bəhs edilən dövrdə 487 saat efirdə olmuşdur. Bu dövrdə radioda verilişlərin sayında azalma müşahidə edilmiş, efirin əsasını konsert proqramları təşkil etmişdir. Ümumi efirin 38 faizi radionun öz istehsalı olan verilişlər, canlı proqramlar, xəbər buraxılışları, audioçarxlar, 62 faizi isə konsert proqramları və digər hazır materiallardan ibarət olmuşdur. Ümumilikdə, ay ərzində 90 veriliş və canlı proqram, 363 konsert proqramı təqdim edilmişdir. Həmin verilişlər muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən yeniliklər, ədəbi-bədii, xüsusi günlər, gənclik-idman, uşaqlar, təhsil, hüquqi maarifləndirmə və digər mövzularla bağlı olmuşdur.
    “Kanal 35” televiziyasında avqust ayı ərzində muxtar respublikanın müxtəlif sahələrini əks etdirən videomaterialların yayımı davam etdirilmiş, bu mövzuda televiziyada 28 film efirə təqdim edilmişdir. Bu da ümumi efirin 6,9 faizini təşkil etmişdir. Televiziyada maarifləndirici və məlumatlandırıcı videomaterialların yayımı istiqamətində avqust ayında 321 videomaterial efirə təqdim edilmişdir ki, bu da efirin 82,5 faizini təşkil etmişdir. 
    Bəhs edilən dövrdə “Naxçıvanın səsi” radiosu 487 saat efirdə olmuş və efir müddətinin 108 saatını canlı yayım proqramları təşkil etmişdir. Radioda ay ərzində “Salam, Naxçıvan”, “Müzakirə vaxtı”, “Şənbə söhbətləri”, “Həyatın içindən”, “Müəllimlər otağı”, “Ailə və uşaq”, “Gənc bizik” və “Şagirdlə efir vaxtı” adlı canlı verilişləri efirə yayımlanmışdır. 

  Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

Nəşr edilib : 05.09.2022 18:01