AZ EN RU

Telekommunikasiya şəbəkəsi yenidən qurulur

    Muxtar respublikanın yaşayış məntəqələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla xidmətlərin səviyyəsi ilbəil yüksəldilir.
    Ordubad rayonunun Unus və Kələki kənd­lərində də yeni sosial obyektlər inşa olunur, geniş abadlıq işləri görülür. Adıçəkilən yaşayış məntəqələrində aparılan abadlıq və quruculuq işləri çərçivəsində rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və sakinlərin genişzolaqlı internet xidmətlərindən yararlanması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni inşa edilən kənd mərkəzlərində rabitə evlərinin də fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılıb. Aparılan quruculuq işləri çərçivəsində kəndlərin rabitə xətt təsərrüfatlarında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur, taxta rabitə dirəkləri dəmir dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə dəyişdirilir. Bu məqsədlə hər iki kənddə 50-yə yaxın yeni metal rabitə dirəyi basdırılır, 4300 metrdən artıq fiber-optik xətlər və 3000 metrdən artıq hava və yeraltı kabellər çəkilir, 2 ədəd paylayıcı şkaf və 16 ədəd abonent qutusu əlavə edilməklə təmir-bərpa işləri həyata keçirilir.
    Qeyd edək ki, Kələki kəndində 96, Unus kəndində isə fəaliyyət göstərən 256 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyalarının yeni inşa olunacaq inzibati binaya köçürülməsi istiqamətində də müvafiq texniki tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin  mətbuat xidməti

Nəşr edilib : 08.08.2022 19:05