AZ EN RU

Telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ardıcıl işlər görülür. Belə ki muxtar respublikada payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir. 
    Naxçıvan şəhərinin Əliabad qəsəbəsində və Qaraçuq kəndində də bu istiqamətdə işlər davam etdirilir. Sakinlərin payız-qış aylarında keyfiyyətli rabitə və internet xidmətlərindən istifadə etmələri üçün yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, kabellər normalara uyğun vəziyyətə gətirilir, nasazlıqların bərpa olunması istiqamətində tədbirlər görülür. 
    Belə ki, avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması məqsədilə avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir. 
    Sakinlərə göstərilən rabitə və internet xidmətlərinin keyfiyyətinin ölçülməsi məqsədilə abonentlərin mənzillərində mövcud olan internet xətləri və avadanlıqlar yoxlanılır. Müasir standartlara cavab verən siqnalölçmə cihazlarından istifadə edilir. Bu cihazlar vasitəsilə telekommunikasiya şəbəkələrində internet xidmətlərinin keyfiyyətinin ölçülməsi həyata keçirilir və internet verilişində olan qırılmaları müəyyənləşdirir, eləcə də abonentin ünvanına daxil olan internetin sürəti ölçülür. 
    Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər şəhər, rayon və kəndlərində də telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 27.10.2022 18:35