AZ EN RU

Tələbələrin hesabat konserti

    Naxçıvan Müəllimlər İnstitutunda Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hesabat konserti keçirilib. Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov çıxışında hesabat konsertlərinin tələbələrin musiqi-ifaçılıq bacarıqlarının inkişaf etdirilməsində əhəmiyyətindən, bu ixtisasda tədrisin təşkili vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edilib ki, ali təhsil ocağında 2020-2021-ci tədris ilindən Musiqi müəllimliyi ixtisasında kadr hazırlığı aparılır. Hazırda bu ixtisasda 13 tələbə təhsil alır. Bundan başqa, musiqi fənni İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisaslarında da tədris olunur. Rektor vurğulayıb ki, Musiqi müəllimliyi ixtisasından məzun olan tələbələr gələcəkdə çalışacaqları təhsil müəssisələrində şagirdlərin yaş qrupları və malik olduqları istedadları nəzərə alaraq onların uyğun musiqi, bilik və bacarıqlarına yiyələnmələrini yüksək səviyyədə təmin etməli, eyni zamanda planlama və təşkilatçılıq, vaxtı səmərəli idarə etmək, səbirli olmaq və peşə etikasına uyğun davranışlar sərgiləmək bacarıqlarına yiyələnməlidirlər.
    Sonra tələbələrin hesabat konserti olub. Azərbaycan klassik, xalq mahnılarından ibarət konsert proqramında xarici ölkə bəstəkarlarının da mahnıları ifa edilib. Tələbələrin ifasında səslənən mahnılar, fortepiano və nağara ifaları və digər çıxışlar tamaşaçılar tərəfindən bəyənilib, alqışlarla qarşılanıb. 

Naxçıvan Müəllimlər İnstitutunun
 mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 23.05.2022 20:59