AZ EN RU

Tələbələr istehsalat təcrübəsi keçir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrinin aid ixtisasları Naxçıvan Muxtar Respulikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Ötən müddət ərzində nazirlik tərəfindən tələbələrin müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün  bir sıra tədbirlər həyata keçirilib. Hazırda “Naxçıvan” Universitetinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan  tələbələr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçir.
    Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsdə təcrübədə olan tələbələrə rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, “Naxçıvanpoçt” publik hüquqi şəxsdə isə məktubların, banderolların, teleqram və teleqraf göndərişlərinin, pul baratlarının, eləcə də bağlamaların qəbulu, göndərilməsi və poçt sahəsində göstərilən digər xidmətlər barədə məlumatlar verilir.

    Tələbələrə nazirliyin aid mühəndisləri tərəfindən kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, proqram təminatı, əməliyyat sistemləri, kompüterlərarası əlaqənin yaradılmasında və kompüterlərin yerli şəbəkələrə bağlanmasında istifadə edilən cat 6, cat 7 ethernet əlaqə kabellərinin RJ-45 başlıq hissəsinin birləşdirilməsi, modemlərin ayarlanması, məftilli və fiber-optik kabel xətlərinin çəkilməsi barədə məlumatlar verilir. Təcrübə müddətində yeni nəsil avtomat telefon stansiyaları və onların iş prinsipləri ilə əyani tanışlıq olur. Bunlarla yanaşı, muxtar respublikada istifadə edilən ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internet xidmətləri və müasir telekommunikasiya avadanlıqlarının texniki göstəriciləri barədə də tələbələr müəyyən bilikləri mənimsəyirlər.
    Təcrübə zamanı Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin tədris bölməsində olan tələbələrə slaydlar vasitəsilə veb-saytların müasir üslubda tərtib edilməsi, şəbəkələr və sistem inzibatçılığı, həmçinin frontend və backend devoloperlər üçün nəzərdə tutulmuş proqramlaşdırma dilləri və həmin proqramlaşdırma dillərinin müxtəlif kitabxanaları, antivirus proqramları, müxtəlif müasir proqramlar və ixtisaslarına uyğun texnologiyalar, “Microsoft Windows” əməliyyat sistemi, “Microsoft Office”, İnternet və qrafik dizayn proqramları və ixtisaslarına uyğun texnologiyalar barədə ətraflı məlumatlar verilir. Qeyd olunanlarla yanaşı, onlara veb-səhifələrin tərtibatı və hazırlanması, texnologiya biliklərinin daha da təkmilləşdirilməsi üçün dərslər keçilir.  
    Qeyd edək ki, tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə çalışacaqları informasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahənin sirlərini daha dərindən mənimsəmələrinə şərait yaradır.

 Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  mətbuat xidməti

Nəşr edilib : 11.10.2022 19:12