AZ EN RU

Təklif olunan yeni növ sığorta xidmətləri  vətəndaşlar üçün faydalıdır

    Cəmiyyət həyatı müasirləşib, insanların iqtisadi və sosial aktivliyi artdıqca yeni tələbatlar da yaranıb genişlənir. Bu baxımdan gözlənilməz hadisələrin daha çox rast gəlindiyi bir dövrdə insanları bədbəxt hadisələrdən sığortalamaq mühüm bir iqtisadi tələbat kimi qarşıya çıxır. İnsanların cansağlığının bərpa olunmasına və bir sıra xəstəliklərdən müalicəsinə maddi olaraq kömək edən könüllü tibbi sığorta da, bu mənada, geniş yayılmışdır. 
    Muxtar respublikamızda da bu sığorta məhsuluna olan tələbin artması  insanların öz həyat və sağlamlığını qorumaq üçün yaradılmış şəraitdən istifadə ehtiyacı ilə əlaqədardır. Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin təklif etdiyi könüllü tibbi sığorta bu baxımdan vətəndaşlar üçün faydalıdır.  
    Könüllü tibbi sığorta insan sağlamlığının bərpasında mühüm əhəmiyyət daşıyır. Bu, xüsusən bazar iqtisadiyyatı şəraitində hər bir şəxsin sosial müdafiəsi, onun qarşılaşa biləcəyi maddi problemlərin həllinə kömək edən mütərəqqi dünya təcrübəsidir. Belə ki, sığorta hadisəsi baş verdikdə bu sığorta növü hər yerdə olduğu kimi, ölkəmizin vətəndaşlarının, habelə əcnəbilərin tibbi xidmətlər almasına təminat verir. 
    Son illər Naxçıvan Muxtar Respublikasında hər sahədə olduğu kimi, sığorta xidməti sahəsində də aparılan islahatlar və yeniliklər əhalinin maddi rifah halının davamlı olaraq artmasına imkan verir. Bu baxımdan tətbiq olunan yeni könüllü tibbi sığorta məhsulu həm yerli vətəndaşlarla, həm də Naxçıvan Muxtar Respublikasında yaşayan əcnəbi vətəndaşlara lazım olan gözlənilməz zəruri tibbi xidmətlər zamanı onlara dəymiş maddi zərərin əvəzinin ödənilməsinə xidmət edir. Təklif  olunan könüllü Tibbi Sığorta Şəhadətnaməsi “Classic”, “Classic+” və “Emergency” məzmunlu olmaqla, 3 paketdən ibarətdir. Belə ki, yeni sığorta növünün təşkil olunması üçün Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxs və Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Şəfa Özəl Tibb Mərkəzində işlərin aparılmasına dair zəruri görüşlər keçirilmiş və göstəriləcək xidmətlər zərfi tərtib olunmuşdur. Göstərilən xidmətin etibarlı olması üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi sığortalı vətəndaşlara sığorta ödənişinə tam zəmanət verilməsi və vətəndaşa dəymiş maddi zərərin ödənilməsini ən başlıca prioritet kimi qarşıya vəzifə qoymuşdur. 
    Sığorta paketlərinə gəldikdə burada “Classic” paketi üzrə hər bir sığortalı şəxs üçün illik sığortahaqqı 430 manat olmaqla maksimum 6 min manat, “Classic+” paketi üzrə 500 manat sığortahaqqı ödəməklə 8 min manat və “Emergency” paketi üzrə 180 manat ödəməklə 2500 manat həcmində sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. 
    Publik şəxsin təqdim etdiyi yeni sığorta növü üzrə risk təminatlarına nəzər saldıqda ilk olaraq hər bir paket üzrə təcili və təxirəsalınmaz ilk tibbi yardım, ixtisaslı həkim müayinəsi və tibbi təxliyə kimi vacib olan xidmətləri görmək olar. Daha sonra hər üç paket üzrə risk təminatı olan xidmətlər arasında sığorta olunanın səhhətinin pisləşməsi, kəskin xəstəliklər, xroniki xəstəliklərin kəskinləşməsi, zəhərlənmə və digər bədbəxt hadisələr ilə əlaqədar müqavilədə nəzərdə tutulan tibbi müəssisələrə müqavilədə göstərilən tibbi xidmətlər çərçivəsində məsləhət, müayinə, müalicə və digər tibbi yardımın alınması məqsədilə göstərilən xidmətləri qeyd etmək olar.  Təklif olunan bu  xidmətlərə bölümlər üzrə baxdıqda isə  hər üç paket üzrə ambulator və stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya xidmətləri, doğum və ginekoloji xidmətlər üzrə bir çox xidmətlərə sığorta zəmanəti verildiyini görə bilərik. 
    Ümumi halda, bu sığorta növü üzrə  tibbi xidmətlər dedikdə mövcud qaydalara əsasən diaqnostik müayinələrin, təcili tibbi təxliyənin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və travma nəticəsində istifadə olunan fiksasiya vasitələrinə çəkilmiş xərclər də daxil olmaqla təcili tibbi yardım xərcləri başa düşülür. Burada istisnalara gəldikdə,  sığorta qaydalarına əsasən  sığortalının xəsarət aldığı zaman alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə olması, sığortaolunan tərəfindən özünü öldürməyə cəhd etməsi və epidemiya halları  sığorta hadisəsi hesab edilmir və sığortalı vətəndaşa ödəniş verilmir.   
    Göründüyü kimi, könüllü tibbi sığorta bu sahə  üzrə vətəndaşlara geniş zəmanətlər verir. İnsanlar bu sığorta növü, onun şərtləri ilə yaxından tanışlıq üçün qaydalarla tanış olaraq  onları maraqlandıran paketlər üzrə müqavilə bağlaya bilərlər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti  ötən günlərdə bu və digər məsələlərin operativ həll olunması üçün 505 çağrı mərkəzini də vətəndaşların istifadəsinə vermişdir. Vətəndaşlar istənilən mobil operatordan bu nömrəyə zəng vurmaqla həm könüllü tibbi sığorta, həm də  Dövlət Sığorta Xidmətinin təklif etdiyi digər sığorta məhsulları barədə  ətraflı məlumat ala bilərlər. Bütün bu  tədbirlər,  ümumilikdə, insanların sığorta  xidməti  məhsullarına çıxışını  asanlaşdırmaqla bərabər,  həm də sığortaya olan inamı  da artırır. 

Əli CABBAROV

Nəşr edilib : 13.04.2022 20:42