AZ EN RU

Təhsil Tələbə Krediti Fondunun (TTFK) İdarə Heyətinin sədri ali təhsil ocaqlarının tələbələri ilə görüşüb

    Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində ali təhsil ocaqlarının tələbələri ilə görüşləri olub. 
    Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir. 

    Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən semestr ərzində, ümumilikdə, 60-a yaxın tələbə kreditlə bağlı müraciət etsə də, bunun 25 nəfəri sosial, 23 nəfəri isə standart olmaqla, 48 tələbənin krediti rəsmiləşdirilib. Hazır­da davam etməkdə olan semestrdə bu günədək 50-yə yaxın tələbənin müraciəti qeydə alınıb və ümumilikdə, 24 nəfərin müraciəti rəsmiləşdirilib, 23 tələbə namizəd qismində saxlanılıb, digərləri isə gözləmə mövqeyindədir. 
    YAP Universitet Ərazi Partiya Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun çıxışları dinlənilib. 
  “Naxçıvan” Universitetində keçirilən görüşdə isə universitetin rektoru, dosent Nurlana Əliyeva ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksədilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, fondun təsis edilməsi dövlətin gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsidir.
    Hər iki görüşdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev bildirib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən vasitədir. Araz Paşayev diqqətə çatdırıb ki, fondun fəaliyyəti ölkə üzrə ödənişli və əyani təhsil alan tələbələrə aid olmaqla, 44 ali təhsil müəssisəsini və 55 orta ixtisas təhsili müəssisəsini əhatə edir. Ölkə üzrə, təxminən, təhsil alan 266 min nəfər tələbədən 146 min nəfəri ödənişli əsaslarla oxuyur. Tələbə krediti almaq üçün ödənişli əsaslarla təhsil alandan girov, zamin və digər heç bir öhdəlik tələb olunmur. Ancaq kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Araz Paşayev onu da bildirib ki, kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir. 
    Keçirilən görüşlərdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Gülcamal TAHİROVA

Nəşr edilib : 13.05.2022 19:14