AZ EN RU

Təbriz şəhərində 28 May – Müstəqillik Günü qeyd olunub

    28 May - Müstəqillik Günü münasibətilə Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən qəbul təşkil edilib.
    Qəbulda İranİslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin ostandarı Zeynəlabedin Rəzəvi Xorrəm, Ərdəbil valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Reza Qasemyan və digər rəsmi şəxslər, yerli mətbuat və ictimaiyyət nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
    Dövlət himnləri səsləndikdən sonra Baş konsul Əliyənnağı Hüseynov çıxış edib. Çıxışda qeyd olunub ki, bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi tamam olur. İki ilə yaxın mövcud olmuş bu dövlət zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edib.
    Dünya birliyi tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olub, 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra süquta uğrayıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən dahi şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Ümummilli liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında alınmış tarixi qərara əsasən Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan üçrəngli bayraq qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda yüksəldi.
    “Siyasi təcrübə onu göstərdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Danılmaz faktdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan daxili və xarici faktorların təsiri ilə dağılmaq ərəfəsində idi. Lakin dahi çəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı bunun qarşısını aldı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, uğurlu xarici siyasət kursu müəyyənləşdirdi”,- deyə Baş konsul vurğulayıb.
    Bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə turizm, tolerantlıq diyarı, idman ölkəsi olmaqla yanaşı, eyni zamanda innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınmaqdadır. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğal altında qalan Qarabağ azad edildi. Artıq Azərbaycan ikinci ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.
    İranın Şərqi Azərbaycan vilayətinin ostandarı Zeynəlabedin Rəzəvi Xorrəm çıxış edərək Müstəqillik Günü və Azərbaycan Respublikasının ərazilərinin azad edilməsi münasibətilə təbriklərini çatdırıb. Çıxışda mədəni, tarixi və dini ortaqlıqlar ilə iki ölkə xalqlarının biri-birinə bağlı olduğu, İranın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu diqqətə çatdırılıb. İki ölkə arasında bir çox sahələrdə yaxşı əlaqələr mövcud olduğunu qeyd edib. Bakıda keçirilən İran-Azərbaycan müştərəyə iqtisadi komissiyasının iclasında da bir çox sahələrdə o cümlədən, nəqliyyat, maliyyə, bank, kommunikasiya və digər sahələrdə razılaşmalar əldə edildiyini bildirib.
    Sonda Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib.

AZƏRTAC

Nəşr edilib : 26.05.2022 21:17