AZ EN RU

Təbii suların keyfiyyəti əhalinin sağlamlığına təsir edən əsas amillərdən biridir

    İstənilən ölkənin su ehtiyatları onun sosial, mədəni-estetik və gigiyenik ehtiyaclarını qarşılayan, iqtisadiyyatının fəaliyyətini təmin edən strateji amillərdən biridir. Su təchizatı mənbələrinin vəziyyəti və içməli suyun keyfiyyəti isə əhalinin sağlamlığına birbaşa təsir göstərir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada mövcud əhalinin xəstəliklərinin 80 faizi içməli suyun qeyri-qənaətbəxş keyfiyyəti, sanitariya-gigiyena və ekoloji təminat normalarının pozulması ilə bağlıdır. 

     İstənilən canlı varlığın kütləsinin əsas hissəsi suyun payına düşür. Yaşlı insan orqanizmində su bədən çəkisinin yarıdan çoxunu təşkil edir. İnsan 70-80 faiz sudan ibarətdir, belə ki, embrionda 95 faiz, insan beynində 85 faiz, sümüklərdə ən azı 20-30 faiz su vardır. Su insan orqanizmində əsas həlledicidir, onda bütün maddələr – duzlar, oksigen, fermentlər, hormonlar həll olur. Su həm də qidalandırıcı və digər maddələri bədənin bütün hissələrinə daşıyıcı funksiyalarını yerinə yetirir; o, həyat fəaliyyətinin bütün kimyəvi reaksiyalarının baş verdiyi  mühitdir. Bütün maddələrin suda həll olunması aksiomdur. Bu proses suyun kimyəvi tərkibindən çox asılıdır, çünki suyu daha çox kənar maddələr çirkləndirir. Bu gün içməli suyun keyfiyyəti problemi bütün dünyada ən aktual problemlərdən biridir. Təmiz içməli suyun çatışmazlığı və müntəzəm olaraq aşağı keyfiyyətli sudan istifadə edilməsi nəticəsində dünyada beş yüz milyondan çox insan müxtəlif xəstəliklərdən əziyyət çəkir.

    Təsərrüfat və içmək məqsədi üçün istifadə edilən su normalarının müəyyən edilməsi zamanı minerallaşmanın (quru qalıq), makro və mikrokomponentlərin miqdarı, suyun fiziki xüsusiyyətləri və onun mikrobioloji vəziyyəti nəzərə alınır və içməli suya müəyyən tələblər qoyulur.
    Qeyd olunmalıdır ki, su aclığı çox təhlükəlidir. İnsan 1 faiz su itirdikdə susuzluq, zəiflik hiss edir. 5 faiz su itkisi tam zəiflik, ürək bulanması və ətraf mühitə qarşı apatiya yaradır. Orqanizm belə hallarda ancaq təmiz su qəbul etməli və su balansını normal rejimə salmalıdır. Minimal su miqdarı gün ərzində orqanizmin hər kiloqram çəkisinə 30 ml müəyyən edilmişdir. Bu norma yay aylarında daha da artır. Göründüyü kimi, suyun artığı və çatışmaması insan orqanizmində güclü təzadlar yaradır. Adətən, yeraltı şirin sularda mikroelementlərin miqdarı icazə verilən maksimum qatılıqlara çatmır. Bu miqdarın artması suyun çirklənməsinə səbəb olur.  Bu növ mikroelementlərin və onların suda birləşmələrinin artması bir çox xəstəliklərin yayılmasına şərait yaradır. İçməli suların keyfiyyətinin insan sağlamlığına təsirini qiymətləndirmək üçün müəyyən edilən bəzi kimyəvi göstəricilərin təsirinə ətraflı nəzər salaq. 
    Muxtar respublikanın su təchizatında yeraltı suların xüsusi çəkisi çox böyükdür. Bu sular  təbii filtrasiya əldə etdiyinə görə, süxur və minerallarla zəngin olan torpaq təbəqələrindən süzülərək, orqanizmə lazım olan maddələri də torpaqdan almış olur.
    Şəxsi həyətlərdə istifadə edilən quyu suyunun keyfiyyətinə və təmizliyinə zəmanət vermək tamamilə mümkün olmasa da, sənaye və tikinti obyektlərinin olmadığı ərazilərdə, yaşıllıq və meşə sahələrində, eləcə də sıx məskunlaşmış avtomagistrallardan uzaq yerlərdə və kəndlərdə quyu suları öz ilkin keyfiyyətlərini qoruyub saxlayır. 
    Quyu suları çirklənmə baxımından çox həssasdır, torpağa düşən hər şey: nitratlar, nitritlər, səthi aktiv maddələr, pestisidlər və ağır metallar  quyu suyuna keçə bilər. Quyu suları bol yağıntı zamanı səth suları vasitəsilə də çirklənə bilir. Gübrələrin aktiv elementləri triadası: yəni azot, fosfor və kalium da quyu sularını çirkləndirə bilir. Son iki element, demək olar ki, torpağın gil və humus komponentləri ilə çirklənmək qabiliyyətinə malikdir. Buna görə də onlar yalnız yoxsul, qumlu torpaqları çirkləndirir. Əsas çirkləndirici element isə bütün ion formalarında azot olaraq qalır: nitrat ionu, nitrit ionu və ammonium ionu. Bu ionlara malik mənbələr nitrat gübrələri və ya selitrlər, ammonyaklı su, kompostlar və başqalarıdır. Bütün bu maddələr məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır və torpaq üçün zəruridir, lakin onların bitkilər tərəfindən mənimsənilməyən artıq miqdarları torpaq tərəfindən zəif sorulur, yağış və ya qar suyu vasitəsilə qrunt su horizontuna qarışır. 
    Adətən, bakterial çirklənmə spesifik kimyəvi göstəricilərlə müşayiət olunur: bioloji oksigen istehlakında üzvi maddələrin miqdarı və azottərkibli ionların  qatılıqları artır.  Bu səbəbdən şəxsi təsərrüfatlarda istifadə edilən quyu sularının tərkibi ildə ən azı iki dəfə kimyəvi və bakterioloji analiz edilməli, içmək üçün yararlılıqları yoxlanılmalıdır. Unutmaq olmaz ki, içməli suyun keyfiyyəti yalnız məişət cihazlarının istismar müddətinə  deyil, həm də insanın sağlamlığına və həyat keyfiyyətinə təsir göstərir. 
    Şərur-Sədərək bölgəsinin bir çox yaşayış məntəqələri əhalisinin suya olan tələbatını ödəmək üçün artezian suyundan istifadə edilir. Bu sular nisbətən təmiz və xoş dada malik olub əkin sahələrinin və əhalinin su təchizatında geniş istifadə edilir.
    Ordubad və Şahbuz rayonları ərazisindəki yeraltı sularda qeyri-üzvi duzların qatışıqları yoxdur, xlorid və sulfat ionlarının qatılıqları aşağıdır. Bu sular daha yumşaq və içmək üçün yararlıdır.
    Artezian suları yerin dərin qatlarından filtrasiya edərkən regionda mövcud ekoloji vəziyyətin təsirinə və mikroorqanizmlərin çirkləndirmələrinə məruz qalmır. Bununla belə bəzi kimyəvi maddələrin və müxtəlif çirkləndiricilərin müəyyən qatılıqları ilə bağlı problemlər yaranmaması üçün suyun təmizliyinə ciddi nəzarət edilməlidir.
    Muxtar respublika əhalisinin su təminatında əsas məsələlərdən biri suyun keyfiyyəti ilə bağlıdır. Ona görə də bu istiqamətdə muxtar respublikada aparılan regional işlər böyük əhəmiyyət kəsb edir. Təmizləyici su qurğuları və kanalizasiya sisteminin yenidən qurulması, mərkəzləşmiş su təchizatı sisteminin yaradılması bu məqsədə xidmət edir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sisteminin yenidən qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi fəaliyyət göstərir, Naxçıvan şəhərində 220,6 kilometr uzunluğunda içməli su xətləri çəkilib. Bu kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin etməyə imkan verir. Təmizləmə prosesində ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici kompleksdən yeni tətbiq olunan nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq sudakı bütün zərərli mikrobları tutub saxlayır. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlorla zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun səthinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlılığına idarəetmə mərkəzində quraşdırılan kompüter sistemi nəzarət edir. Suyun tədqiqi laboratoriyasında su nümunələrinin tərkibinə gündəlik nəzarət olunur. Eyni zamanda  ümumi tutumu 25 min kub metr olan üç su anbarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimlə işləməsini təmin edir.
    Muxtar respublikada kəhriz, bulaq, artezian sularından və yeni suvarma sistemlərindən daha səmərəli istifadə etməklə, əhalinin gündəlik su təchizatını və regionun hidroekoloji şəraitini qoruyub saxlamaq olar. 

  Fizzə MƏMMƏDOVA
 kimya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 12.10.2022 20:10