AZ EN RU

Teatrın 140-cı mövsümünün açılış tədbiri keçirilib

    Tədbirin rəsmi hissəsində teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev çıxış edərək Naxçıvan teatrının tarixindən danışıb. Bildirib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 140-cı  mövsümünə start verən  Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb. 
    Vurğulanıb ki, bu ilin ötən dövrü Naxçıvan teatrı üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusu verilib.
    Qeyd olunub ki, yeni yaradıcılıq  mövsümündə, eyni zamanda  2023-cü ildə bu sənət ocağının 140 illik yubileyi ərəfəsində  Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi  ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən əsərlərlə teatrsevərlərin qonağı olacaq. Hazırda teatrda  Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın son məşqləri gedir. 
    Tədbirin bədii hissəsində “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub.
    Səhnə əsərində rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli, gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov  və digərləri ifa edirlər.
    Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova və rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəblidir.
    Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.09.2022 18:33