AZ EN RU

Teatr müsabiqəsinin ilk mərhələsi yekunlaşıb

“Gənclərin teatr dünyası” müsabiqəsinin ilk mərhələsi çərçivəsində Kəngərli rayonu üzrə tamaşalar izlənilib, qiymətləndirmə aparılaraq qalibin adına aydınlıq gətirilib. 4 komandanın mübarizə apardığı rayon mərhələsində Yurdçu kəndinin “Qələbə” komandası birinci yerə layiq görülməkdə növbəti mərhələdə iştirak hüququ əldə edib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan müsabiqə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün şərait yaratmaq və həvəskar aktyorlar arasından istedadlıları üzə çıxarmaq məqsədilə keçirilir.

İki mərhələdən ibarət müsabiqənin şərtlərinə əsasən komandalar 14-29 yaşlı gənclərdən təşkil olunub. Tamaşa üçün maksimum 15 iştirakçı həddi müəyyənləşdirilib və onların arasında peşəkar aktyorların olmasına yol verilmir. Qiymətləndirmə təqdim edilən tamaşanın aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı və ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılır.

Qeyd edək ki, 21-22 iyun tarixləində ilk mərhələnin birinciləri yarımfinal və final mərhələsi üçün tamaşalarını nümayiş etdirəcəklər. İyunun 25-ə planlaşdırılan mükafatlandırma mərasimində ilk üçlükdəki komandaların adları açıqlanacaq və onlar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.06.2022 18:15