AZ EN RU

Taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə olub

    İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə verilən tapşırıqlara uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətində taxılçılığın inkişafı və qarşıda duran vəzifələr müzakirə edilib.
    Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bildirib ki, adıçəkilən məsələ ilə  bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb, strateji məhsul olan taxılın istehsalını artırmaq qarşıya vəzifə kimi qoyulub. 
    İcra başçısı qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində Sədərək rayonunda taxılçılığa geniş yer verilib, taxıl sahələrinin mütərəqqi metod sayılan şırım üsulu ilə əkilməsi və aqrotexniki tədbirlərə düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul əldə olunub. 2021-ci ilin payızında və 2022-ci ilin yazında, ümumilikdə, rayonda 2 min 441 hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun da 796 hektarını buğda, 1645 hektarını isə arpa əkini təşkil edib. Rayonda taxıl biçini 5 kombayn vasitəsilə keyfiyyətlə və itkisiz başa çatdırılıb. 8941 ton məhsul toplanıb və orta məhsuldarlıq 36,6 sentner olub. Rayonda 2022-ci ilin payızlıq və 2023-cü ilin yazlıq taxıl əkini üçün toxumun keyfiyyətlə tədarük edilməsi məqsədilə Sədərək kəndində 1 toxumtəmizləyən qurğudan istifadə edilir. 
    Diqqətə çatdırılıb ki, torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində bir sıra tədbirlər görülür. 280 metr suvarma və 470 metr təzyiqli boru xətlərində təmir-bərpa işləri görülüb. Sədərək-2, Sədərək-3, Sədərək-4 və “Şir arxı” nasos-stansiyalarının boru xəttində isə təmir işləri aparılıb.  
    Rayonda dövlət mülkiyyətində olan torpaq sahəsinin 401 hektarı əkin, 72 hektarı çoxillik əkmələr, 8 hektarı fiziki şəxslərin istifadəsində olan həyətyanı torpaq sahələridir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin 1104 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Xüsusi mülkiyyətdə olan torpaq sahəsinin isə 2863 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir.
    İcra başçısı qeyd edib ki, əldə olunmuş uğurlarla yanaşı, bu sahədə bir sıra nöqsanlar da vardır. Belə ki, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Heydərabad qəsəbəsində 4 hektar, Dəmirçi kəndində 5 hektar olmaqla, ümumilikdə, əkinəyararlı 9 hektar əkin dövriyyəsinə daxil edilməyib. Sədərək Rayon İcra Hakimiyyətinin aid şöbəsi, rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi və Sudan İstifadəedənlər Birliyi əkin sahələrinə suyun aqrotexniki normalarda verilməsini təmin etməli, şoranlaşmaya qarşı tədbirlər görülməli, torpaqların münbitliyi artırılmalıdır. Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və Sədərək Rayon İcra Hakimiyyəti başçısının aparatı taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrin icrasını daim nəzarətdə saxlamalıdırlar. Mahirə Adnayeva Sədərək rayonunda kənd təsərrüfatının davamlı inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. 
    Müşavirədə sözügedən məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov çıxış ediblər.

Gülnarə Hüseynova

Nəşr edilib : 27.07.2022 20:13