AZ EN RU

Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələr keçirilib

    İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrə həsr olunmuş müşavirələr keçirilib.
    Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə icra hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verib, şəhər və rayon icra hakimiyyətlərinin əkin strukturuna daxil olan torpaqların əkilməsinin diqqətdə saxlanılması, dəmyə torpaqlarda taxıl əkininin təşviq olunması kimi mühüm vəzifələr qarşıya qoyub.
    İcra hakimiyyətinin başçısıqeyd edib ki, Naxçıvan şəhərində infrastrukturun bütün sahələri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalına, xüsusi ilə də taxılçılığın inkişafına daim dövlət qayğısı göstərilir. 2021-ci ilin payızında və 2022-ci ilin yazında, ümumilikdə, Naxçıvan şəhərində 992 hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun 664 hektarını buğda, 328 hektarını isə arpa təşkil edib. 992 hektar taxıl sahəsindən 2870 ton məhsul istehsal olunub. Tədarük edilən taxılın məhsuldarlığı 28,9 sentnerdir. İcra başçısı diqqətə çatdırıb ki, torpaq sahələrinin normaya uyğun suvarılması əkinçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhər ərazisində 1,1 kilometr kanal, 1,33 kilometr olmaqla, ümumilikdə, 2,43 kilometr, Tumbul və Qaraçuq kollektorlarında isə  1,37 kilometr ara arxı lildən təmizlənib.
    Vurğulanıb ki, dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıya baxmayaraq, bu sahədə hələ də nöqsanlar mövcuddur. Naxçıvan şəhəri üzrə bələdiyyə mülkiyyətində olan 16 hektar əkinəyararlı torpaq sahəsində əkin aparılmayıb. Bunun 14 hektarı suvarılan, 2 hektarı isə dəmyə torpaqdır. Tumbul kəndində 4 hektar suvarılan, 2 hektar dəmyə, Qaraçuq kəndində 10 hektar əkinəyararlı torpaq sahəsi əkin üçün icarəyə verilməyib.
    Bildirilib ki, 2022-ci ilin payızlıq və növbəti ilin yazlıq taxıl əkini zamanı müşavirədə verilmiş tapşırıqlar əsas fəaliyyət istiqaməti kimi götürüləcək, qeyd olunan nöqsanların aradan qaldırılmasına ciddi nəzarət olunacaq. Mirsənani Seyidov Kənd təsərrüfatının davamlı inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

***

    Şərur Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq bildirib ki, 2021-ci ilin payızında və 2022-ci ilin yazında, ümumilikdə, rayonda 4 min 38 hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun da 3 min 276 hektarını buğda, 762 hektarını isə arpa təşkil edib. Bu günə qədər rayon üzrə 3 min 900 hektar sahədə taxıl biçini aparılıb və bir neçə gün sonra biçin kampaniyası yekunlaşacaq. Məhsuldarlıq orta hesabla 40,8 sentner təşkil edir.
    Qeyd olunub ki, Şərur rayonunda taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən torpaq mülkiyyətçilərinin keyfiyyətli toxumla təmin olunması, indiyə qədər əkilməyən torpaq sahələrinə qapalı suvarma şəbəkələrinin çəkilərək əkin dövriyyəsinə qatılması və yeni su nasos stansiyalarının tikilib istifadəyə verilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb. 150 milyon kubmetrlik Arpaçay su dəryaçasının, 470 subartezian quyusunun və 28 suvarma nasos stansiyasının istismarı imkan verir ki, rayonda bütün əkin sahələri müvafiq normalar əsasında suvarma suyu ilə təmin olunsun. Əkin sahələrində məhsuldarlığa təsir edən məsələlərdən biri də suyun  vaxtında və normaya uyğun verilməsidir ki, bunun üçün də rayonda bir sıra meliorativ tədbirlər aparılır. 
    Diqqətə çatdırılıb ki, yaradılan şəraitə baxmayaraq, bu sahədə müəyyən nöqsanlar mövcuddur. Rayon üzrə 107 hektarı xüsusi mülkiyyətdə, 965 hektarı bələdiyyə mülkiyyətində, 230 hektarı isə dövlət mülkiyyətində olmaqla, ümumilikdə, əkinəyararlı 1302 hektar ərazi əkin dövriyyəsinə daxil edilməyib. Ötən dövrdə taxıl sahələrindən qazanılan məhsuldarlığa nəzər yetirdikdə dövlət tərəfindən görülən tədbirlərə və təsərrüfatçılara göstərilən dövlət dəstəyi müqabilində əldə olunan nəticələr istənilən səviyyədə olmamışdır. Bunun da əsas səbəbi əkin sahələrində aqrotexniki qulluq tədbirlərinin lazımi səviyyədə aparılmamasıdır. Ötən il rayonun Şəhriyar, Püsyan, Xanlıqlar, Düdəngə, Zeyvə və Axaməd kəndlərində aparılan taxıl əkinlərinin əhatə etdiyi sahələrin torpaq münbitliyinin eyni olmasına baxmayaraq, təsərrüfatçıların bir hissəsinin əldə etdiyi məhsuldarlıq 65-70, bəzilərində isə 13-20 sentner təşkil etmişdir.
    Kamal Cəfərov kənd təsərrüfatının davamlı inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

***

    Ordubad rayonunda keçirilən müşavirədə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, Ordubad rayonunun 97899 hektar ümumi sahəsinin 30980 hektarı dövlət mülkiyyəti, 62200 hektarı bələdiyyə mülkiyyəti, 4719 hektarı isə xüsusi mülkiyyətdir. Rayonun 4981 hektar torpaq sahəsi ­suvarılandır. Rayon üzrə, ümumilikdə, 67 hektar deqradasiyaya məruz qalan torpaq sahəsi uçota alınmışdır. Qeyd edilib ki, 2022-ci ilin məhsulu üçün rayonda 1607 hektar sahədə taxıl əkilib, məhsuldarlıq 29 sentner olub. 2022-ci ilin məhsulu üçün 1 iyun 2022-ci il tarixə rayonda 1755 hektar sahədə yazlıq bitkilər əkilib.
    İl ərzində məhsul istehsalçılarına subsidiyalar, mineral gübrələr, güzəştli kreditlər verilib, lizinq xidmətləri göstərilib, meliorasiya və irriqasiya tədbirləri həyata keçirilib. Son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona ümumi dəyəri 1 milyon 271 min 942 manat olan 184 ədəd texnika gətirilib ki, bunun da 560 min 362 manatı ödənilib. Verilmiş plana vaxtında əməl olunub. 2022-ci ilin müvafiq dövründə lizinq yolu ilə vətəndaşlara 3 texnika satılıb.Mart ayından etibarən əkin sahələrinin suvarılması üçün Aza, Düylün və Vənənd çaylarında sudan səmərəli istifadəyə nəzarət edilərək sahələr vaxtında suvarılıb. Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində Aza gölündə 200000, Gilan gölündə 250000, Dəstə-1 gölündə 100000, Dəstə-2 gölündə 50000 kubmetr su ehtiyatı yaradılıb.
    Vurğulanıb ki, 2022-ci ildə rayon üzrə 490 hektar torpaq sahəsi əkilməmiş qalıb. Onun 407 hektarı vətəndaşlara məxsus özəl pay, 83 hektarı isə bələdiyyə mülkiyyətinə aid torpaqlardır. Əkilməyən torpaq sahələrindən 35 hektarı hazırda payızda əkilməsi üçün şum altındadır, 83 hektar sahə isə daşlı-çınqıllıdır və məhsuldarlıq aşağı səviyyədə olduğu üçün əkilməmişdir. 372 hektar sahə isə arat üsulu ilə əkildiyindən ötən il suvarma suyunda yaranmış çətinlik səbəbindən əkilməyib. 
    Müşavirəni Elşad Məmmədov yekunlaşdıraraq təsərrüfat sahibləri adından Ordubad rayonunda kənd təsərrüfatının davamlı inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
    Müşavirələrdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vasif Məmmədov rəhbərlik etdikləri sahələrdə görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.07.2022 18:24