AZ EN RU

Taleyin hökmünə qalib gələn qadın, Vətən sevdalı şairin vəfalı yarı – Şükriyyə

    Çətin illər idi. Kim ki Vətən deyirdi, kim ki istiqlal deyirdi qaranlıq gecələrdə qara kölgələr döyürdü qapılarını. Vətən sevdalıları qara kölgələrin təqibinə, təhqirinə məruz qalırdı həmin illərdə. Həmin qara gecələrdə qara avtomobildən enən qara paltarlı insanlar öz qaranlıqlarında dəfn edirdi xalqın düşünən beyinlərini, yazan əllərini, istiqlal, Vətən deyən ürəklərini. Qapı döyüləndə həmin gecələrdə hamı dik atılırdı yerindən. Və 1937-ci ilin qaranlıq bir gecəsi Əhməd Cavad ailəsinin də qapısı döyüldü. İztirablı, əzablı günlər başladı... Ürəyi Vətən eşqi ilə döyünən şairə qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyəni də həbs etdilər. Ona “Ya sürgünə gedəcəksən, ya da ki Cavaddan boşanacaqsan. İmzala, canını qurtar”, – dedilər. Bu mərd qadın isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Axı necə xəyanət edərdi onu dünyalarca sevən, vəfalı həyat yoldaşına, övladlarının atasına? Sürgünə getməyə razı oldu, amma vəfalı yarından ayrılmadı. Dedi ki, bəlkə, zindanda onu bir mərmi ilə həyatdan ayıracaqsınız, bu o qədər də çətin olmaya gərək. Amma mən ondan ayrılsam, Əhməd Cavad üçün əsl ölüm bu olar. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Cavadı heç vaxt ayaqlamaram. 

    Şükriyyənin bu qərarı ovaxtkı sovet rəhbərliyinin qəzəbinə səbəb oldu. O, bir müddət Bayıl həbsxanasında yatdı. Səkkiz il müddətində azadlıqdan məhrum olundu, övladlarından xəbərsiz, tək-tənha halda dəhşətli düşərgəyə sürgün edildi. 1938-ci ilin fevralında həbs cəzasını çəkmək üçün Qazaxıstanın Aktübinsk elinə apardılar. Uzaq Qazaxıstanın ucsuz-bucaqsız səhralarına sürgün edilən qadın qeyrətini qorumaq üçün, namusuna xələl gəlməsin deyə paltarlarını çıxarıb ayaqyolunun döşəməsini silir, saçını, üz-gözünü murdarlayırdı. 6 gün yolboyu ac qalan qadın rus əsgərlərinə boyun əymirdi. Sovet rejiminin əzab-əziyyətlərinə məruz qalan Şükriyyə xanım heç kimə heç vaxt imkan vermədi ki, Cavadın ləyaqətinə toxunsunlar. Bəli, altı gün ac qaldı, amma əyilmədi. Barmağını sancaqla deşib qanını içib, həyatda qaldı. Qazaxıstanın o dəhşətli düşərgəsində ömrünün ən əzablı günlərini keçirdi Şükriyyə xanım. Odun doğradı, yük daşıdı, dərzilik, aşbazlıq etdi. Knyaz qızı Şükriyyənin zərif qadın çiyinləri bu qədər ağır yükə tab gətirdi, Əhməd Cavadın vəfalı yoldaşı zəmanəyə, onun iti caynaqlarına qarşı mübarizə apardı.
    Şükriyyə xanım hərdən özünü tənhalığa verib doğma balalarını, ömür-gün yoldaşını xatırlayıb acı göz yaşları tökürdü. O, ömrünü can yoldaşına həsr etdi, ən çətin günlərində soyuq, nəm, darısqal kameralarda, zülm dolu düşərgələrdə Cavadın toylarında oxuduğu şeiri tez -tez yaddaşında dolaşdırırdı:

    Məndən xoşbəxti varmı dünyada deyin,
    Ey telli yavrusu, Süleyman bəyin.
    Baxtım tərlan imiş, yeyindən-yeyin,
    Heç kəsə bu baxtı vermərəm, sənsiz. 

    Ağır günlərdə Əhməd Cavadın sözlərini yadına salır, göz yaşları ilə ovunurdu: 

        Darğınam mən belə baxta,
        Ürəyim qan laxta - laxta.
        Bax ki, kimlər çıxdı taxta,
        Küsdü kimin baxtı, bağlar!

    Nəhayət, 1946-cı ildə Şükriyyə xanımın həbs müddəti başa çatdı. Bakıda sevimli oğulları ilə görüşdü. Neçə ilin ayrılığından sonra övladları doğma ana nəfəsinin istiliyini hiss edirdilər. Sevimli həyat yoldaşından – Əhməd Cavaddan isə heç bir məlumat öyrənə bilmədi. Həbs cəzasını çəkəndən sonra da Şükriyyə xanıma icazə vermədilər Bakıda yaşasın. Yenidən Şəmkirə qayıtmağa məcbur oldu. 1956-cı ildə Əhməd Cavad haqqında əsl həqiqəti öyrəndilər. Nə vaxt və hansı şəraitdə öldürüldüyünü bildilər. Şükriyyə xanım ömrünün sonuna kimi Əhməd Cavadın ata yurdunda yaşadı, dünyayla da orda vidalaşdı. Bütün bunlar – Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması, sevgi yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər sonralar mahnılara dönüb dillərdə dolaşdı. Əhməd Cavad və Şükriyyənin sevgisi, bir qadının vəfası dastan oldu. Gələcək nəsillərə örnək olan bir dastan. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 13.12.2022 19:49