AZ EN RU

Şuşanın Novruz büsatı

    Hər il Novruzda təbiət ilıq yaz Günəşinin hərarətindən bir daha cana gəlib oyandıqca doğma torpağımız bu dünyanın ən gözəl guşəsi kimi insana gəl-gəl deyir. Ötən payızdan torpağa sığınıb baharın gəlişini gözləyən novruzçiçəyi gözünü açıb yeni bir həyata başladıqca Bakıdan Gəncəyə, Şirvandan Şəkiyə, Naxçıvandan Şuşaya qədər Vətənimizin hər yerində yeni bir büsat, Novruz büsatı boy atır. Torpağının bütövlyünə qovuşmuş, qalib Azərbaycana bahar gəlmişdir!  
    Novruz hər il Azərbaycanda böyük təntənə il qarşılanır. Hətta doğma Qarabağımız 30 il düşmən tapdağında olanda da xalqımız bu el bayramında “Uca Allah gələn Novruzu bizlərə Şuşada keçirməyi nəsib etsin” – arzusu ilə bir-birini aramış, ürək sözlərini çatdırmışdır. Müzəffər Ordumuz Qarabağı düşmən işğalından azad etdikdən sonra artıq ötən ildən ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşada, Cıdır düzündə şölələndirdiyi ilk Novruz tonqalı bir daha bu torpaqlara yağı düşmən ayağının dəyməyəcəyini, uşaqlarımızı daha xoşbəxt, daha təhlükəsiz gələcək gözlədiyini bütün dünyaya elan etdi. Bu həm də Novruz tonqalı timsalında bütün dünyanı sülhə çağıran, bu torpaqlarda qara günlərin artıq geridə qaldığını və bundan sonra Qarabağda yalnız və yalnız quruculuğun, dinc həyatın və mədəniyyətin yaşayacağının bəyanı idi.  
    Novruzun Qarabağda, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada qarşılanması Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları üçün çox əlamətdar hadisədir. Əgər 44 günlük şanlı Vətən müharibəsi dövründə dünya Azərbaycan xalqının dəmir yumruq kimi möhkəm birliyinin şahidi olmuşdusa, Şuşada keçirilən hər Novruz bayramı da bu şəhərin, eləcə də bütün Qarabağın azərbaycanlılar üçün nə qədər əziz olduğunu da bir daha göstərir. Artıq  başı üzərindəki qara buludları yox olmuş Şuşasına qovuşmuş Günəş kimi hər kəs buradakı Novruz büsatını da bərabər yaşamaq istəyir. 
    Şuşa artıq mədəni dünyanın cazibə mərkəzidir. Ölkə başçımız 2022-ci ili “Şuşa ili” elan etməklə, əslində, bütün dünyanın diqqətini yenidən bu şəhərə, Qarabağa və bütün Azərbaycana cəlb etdi. Bundan sonra ölkəmizin Mədəniyyət Paytaxtı olmaqla Şuşa xalqımızın qədim mədəniyyətinin dünyaya tanıdılmasının, torpaq sevgisinin ən sonunda mütləq qalib gələcəyinin canlı təbliğatçısı olacaq. İndi hamını özünə səsləyən Şuşa qəhrəman şəhidlərimizin dastana döndüyü bu torpaqlarda yaradılacaq yeni büsatı ilə  çox yaxında cənnətin qapısı kimi bütün dünyanın üzünə açılacaq, insanların ürəyində yeni gözəl arzular oyanacaq. Bu  gün isə burada, öz torpağında Novruzu qarşılayan şuşalıların, qəhrəman əsgərlərimizin, xarıbülbülün sevgisinin şirin vüsalına qovuşmuş bütün Azərbaycan xalqının bir arzusu var  – qoy heç zaman bahar Günəşimiz sönməsin, bir daha övladlar şəhid olmasın. 

Şəlalə Cabbarova
    Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin Azərbaycan dili və 
 ədəbiyyat müəllimi

Nəşr edilib : 18.03.2022 20:38