AZ EN RU

Şuşa – Qarabağın döyünən ürəyi

2022-ci il  “Şuşa ili”dir

    2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamına əsasən mədəniyyətimizin paytaxtı Şuşa şəhərinin bu il 270 illiyi təntənəli şəkildə qeyd olunacaq. Xalqımız üçün bu sevincli ildə ümummilli lider Heydər Əliyevin şanlı Vətən müharibəsindəki Tarixi Zəfər nəticəsində vüsalına qovuşduğumuz Şuşa haqqında dediklərini xatırlamaq yerinə düşər: “Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir, Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir, Şuşa hamı üçün əzizdir. Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” 

 

    Qarabağ xanlığının əsası 1752- ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirsə də, bu qalaların heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilməmişdir. Cənubdan – İran tərəfdən gələn təhlükəli xəbərlər və Azərbaycanın özündə cərəyan edən siyasi hadisələr və qanlı feodal vuruşmaları göstərdi ki, Şahbulaq qalası o qədər qüvvətli sığınacaq deyil, gec-tez nisbətən qüvvətli düşmənin qurbanı ola bilər. Buna görə də dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla və dağ yaylası ilə əhatə olunan ərazidə Pənahəli xan yeni bir şəhər – Şuşa şəhərini saldırdı və bu şəhəri xanlığın iqamətgahına çevirdi. Şuşa-Pənahabad şəhərinin siması ölkəmizin Bərdə, Beyləqan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərinin memarlıq üslublarını özündə əks etdirmişdir.
    XVIII əsrin ikinci yarısında Qarabağda memarlıq və şəhərsalma, dekorativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr çoxalmışdır. Bayat, Şahbulaq və Şuşa-Pənahabad qalalarında  bazar, karvansaray,  məscid, hamam, Ağdamda imarətlər, Pənah xana aid türbələr inşa edilmişdir. Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır. Qarabağdan arxeoloji qazıntılar zamanı müxtəlif ölkələrin pulları, həmçinin Bərdədə və Şuşada kəsilmiş gümüş pullar aşkar edilmişdir. Qarabağ bölgəsi XIX əsrdə həm də Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Rəng çalarları və naxışlarının orijinallığı ilə seçilən, bədii və texnoloji xüsusiyyətlərinə görə üstün olan Qarabağ xalça növünün bu gün də dünya şöhrətli olması həmin sənət ənənəsinin öz təsirini saxlaması ilə bağlıdır. Qarabağda toxunmuş süjetli kompozisiyalı xovsuz xalçalar Azərbaycan xalçaçılığının ən gözəl nümunələrindəndir. Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlamışdır. Qarabağ qrupuna daxil olan Şuşa, Cəbrayıl, Bərdə və Ağcabədi xalçaları adları və naxışları ilə seçilir. 
    Qarabağ regionunda orta əsrlər və yeni dövrə aid çoxlu sayda maddi mədəniyyət abidələri qeydə alınmışdır. Bu abidələrdən Şuşa şəhərində səkkizbucaqlı türbə, Xurşidbanu Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyaboğlunun məscidli karvansarayı, Culfalar məscidi, Saatlı məscidi, Yuxarı Gövhər­ağa məscidi, Aşağı Gövhərağa məscidi (XIX əsr), Xanevi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Cicimli kəndindəki türbələr tariximizin qızıl səhifələrindəndir.
    Şuşa bənzərsiz memarlıq abidələri ilə zəngin olmaqla yanaşı, milli mədəniyyətimizin dahiləri olan böyük şəxsiyyətlərin, görkəmli ictimai-siyasi və dövlət xadimlərinin, alimlərin Vətənidir. Şuşa Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Səfərəli bəy Vəlibəyov, Əhmədbəy Ağayev, Həmidə xanım Cavanşir, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli şəxsiyyətlər yetişdirmişdir. Bir sözlə, Şuşa şəhəri Azərbaycan təhsilinin, musiqisinin beşiyi, həmçinin saz-söz ocaqlarından biri olmuşdur. Əbəs yerə Şuşa şəhəri Rusiya və dünya ictimaiyyəti tərəfindən “Şərqin konservatoriyası” adlandırılmamışdır.
    Prezident cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkə­nin şanlı tarixinin qızıl salnaməsinə yazıldı. Bu il təntənəli tədbirlərlə – festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Bu gün Şuşada  şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planının  hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin bərpası, Üzeyir Hacıbəyovun, Bülbülün və Xurşidbanu Natəvanın büstlərinin qoyulması, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
    Fəxrlə deyə bilərik ki, Şuşa qısa zaman kəsiyində öz əzəmətini, şöhrətini, milli-mənəvi dəyərlərini özünə qaytaracaq, bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri böyük maraqla, həvəslə izləyəcək və Şuşanın Qarabağın döyünən ürəyi olduğunu görəcəklər.

Ulduz EYVAZOVA
Naxçıvan Qarnizonu tam orta
məktəbin tarix müəllimi

Nəşr edilib : 10.03.2022 21:14