AZ EN RU

Suda boğulma – profilaktikası və ilk yardım

    Yay fəslinin isti və bürkü havası insanları asudə vaxtlarını təbiətin qoynunda – yaşıllıq, meşə, xüsusilə su hövzələri kənarında keçirməyə vadar edir. Özünün təbii, estetik, ekoloji, psixoloji gözəllikləri ilə insanların zövqünü oxşayan yay fəsli, eyni zamanda yanıq, istivurma, günvurma, bayılma, yaralanma, ilan, əqrəb sancması və başqa tibbi problemlərdən də xali deyil. İsti iqlim üçün xas olan bədbəxt hadisələrdən biri də suda batma və boğulmalardır. 
    Qoca, uşaq, yorğun, sərxoş, epileptik tutması, bayılması olan şəxslərin, hətta adi arxda, yağış gölməçəsində, vannada, üzüüstə yıxılaraq cüzi maye ilə boğulması da mümkündür. Bəzən çimərlik üçün hazırlanmayan təsadüfi su hövzələrində çimərkən müxtəlif zədələnmələr, ayağa nəyinsə batması, suya baş vurarkən alınan baş, onurğa zədələnmələri çox da dərin olmayan yerdə boğulma halları ilə nəticələnə bilər. Tənəffüs yollarının, həmçinin mədənin su, lil, müxtəlif yad cisimlərlə dolması tənəffüsün kəskin pozulmasına, yəni boğulmaya səbəb olur. Ancaq qəflətən soyuq suya düşmə, qorxu, həyəcan və sair nəticəsində səs tellərinin spazmı, əzələlərin qıcolması, tənəffüs mərkəzinin iflici, ürəkdayanma və sair hallarda tənəffüs yollarına su dolmadan da suda batma, necə deyərlər, “quru boğulma” halı mümkündür. Unutmayaq ki, insan sudan ağır deyil. Odur ki, üzməyi bacaran sakit, təmkinli adamların dərin çimərliklərdə saatlarla və hətta günlərlə su üzərində qalması heç bir çətinlik yaratmır.
    Təcrübə göstərir ki, beyin toxuması boğulma zamanı baş verən oksigen aclığına ən çoxu 4-5 dəqiqə dözə bilir, ürək əzələsi isə  qidasızlığa 10 dəqiqə və daha çox tab gətirir. Məlumatlara görə, suda batandan bir dəqiqə sonra xilas edilənlərin 90 faizinə həyata qayıtmaq nəsib olursa, 6-7 dəqiqədən sonra xilas edilənlərdə isə bu şans 1-3 faizə enir. Odur ki, boğulanı xilasetmə tədbirləri, imkan daxilində, gecikdirilmədən aparılmalıdır. 
    Üzən adamın suda batana ehtiyatsız yanaşması da təhlükəlidir. “Suda batan saman çöpündən də tutar” məsəli heç də boş yerə deyilməyib. Hər suda batmayan əşya onun üçün ümid çırağıdır. Odur ki, xilas etməyə çalışan insandan yapışaraq özü də istəmədən onu su altına batırmasının mümkünlüyü də inkar edilmir. O, canını qurtarmaq ümidi ilə ona köməyə gələnin qıç-qolundan yapışmaqla xilasedicinin hərəkətlərini məhdudlaşdıraraq üzməsinə mane olur. Məhz buna görə də suda xilas etmək istədiyin insanla heç vaxt  üz-üzə rastlaşmamalısan. Hələ kənardan ona ürək-dirək verərək, təmkinli olmasını, dərindən nəfəs alaraq ciyərlərini hava ilə doldurmasını, əl-qolun üzmə hərəkətləri ilə suyun üzündə dayanmağa cəhd etməsini başa salmaq və sualtı ilə, yaxud aralıdan üzərək ona arxadan yaxınlaşmaq lazımdır. Əgər boğulan xilasedicini tutub buraxmır, özü də bilmədən üzməsinə mane olur və özü ilə bərabər aşağı dartırsa, bilərəkdən suya baş vurmaq lazımdır. Boğulanı sudan çıxardıqdan sonra vəziyyətinə müvafiq yardım göstərilməlidir. Belə ki, təcili onun nəbzi, tənəffüsü, şüuru, tənəffüs yollarının, göz bəbəyinin vəziyyəti yoxlanmalıdır. Sudan xilas edilənin şüuru özündədirsə, nəfəs alır, nəbzi vurur, öskürür, danışırsa, narahat olmağa dəyməz. Sadəcə olaraq onu başıaşağı sallanmış vəziyyətdə quru yerdə uzadaraq bədənini qızdırmaq üçün isidici vasitələrlə (ətir, spirt, odekolon, aseton, kamfora spirti və sair) bədənini, xüsusilə döş qəfəsini ovxalamalı, isti bürmələməli və isti mayelər içirilməlidir. 
    Zərərçəkənin nəfəs yollarını su, lil və yad cisimlərdən təmizləməyə cəhd edilməlidir. Bunun üçün boğulanı yardım göstərənin dizi üzərindən başıaşağı aşırmalı, bir əllə başı arxaya qatlamaqla nəfəs yollarının düzlənməsinə imkan yaratmalı, ikinci əllə, yaxud başqa adam tərəfindən kürəkləri arasından, qabırğalardan sıxmaqla mayeni xaric etməyə çalışmaq lazımdır. Bu əməliyyatı iki əllə xəstənin qarnından tutaraq yuxarı qaldırmaqla da yerinə yetirmək olar. Boğulan uşaq, yaxud yüngülçəkili adam olarsa, başıaşağı ayaqlardan tutub sallamaqla silkələmək, yaxud qarnını sıxmaqla da mədə və ağciyərdən mayeni boşaltmaq, yaxud qarnı üstə uzatmaq mümkün olmadıqda yanı üstə başı nisbətən aşağı uzadıb, ağzını aralamaq və sıxma hərəkətlərini təkrarlamaq olar.
    Ciyərlərdən müəyyən miqdar maye boşaldıqdan sonra canlandırma (reanimasiya) tədbirlərinə başlamaq lazımdır. Reanimasiyanın əsasını süni tənəffüs təşkil edir. Bunun üçün yardım göstərən dərindən nəfəs alaraq təzyiqlə xəstənin burnundan nəfəs yollarına üfürür. Bu zaman xəstənin başını arxaya itələmək, əllə ağzını qapamaq və nəfəsverməni 1 dəqiqədə 14-15 dəfə təkrarlamaq lazımdır. Ürək fəaliyyəti dayandıqda, eyni zamanda ürək masajı da tələb olunur: üst-üstə qoyulmuş ovucların kəfəsi (qalın yeri) ilə xəstənin döş sümüyü (sinəsi) üzərinə bir dəqiqədə 60-70 dəfə (nəbz vurğusuna uyğun) təkanla sıxılır. 
    Oxucuların diqqətinə çatdırmaq istərdik ki, yay fəslində asudə vaxtını xoş, səmərəli, xata-bəlasız keçirmək üçün aşağıdakılara əməl edilməsi vacibdir: bələd olmadığın, çimmək üçün ayrılmayan su hövzələrinə girməmək, uşaqları nəzarətsiz buraxmamaq, ümumiyyətlə, su kənarında ehtiyatlı olmalıdırlar. 

Adil MƏMMƏDOV
Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar 
Respublikasının Əməkdar həkimi  

Nəşr edilib : 19.08.2022 18:24