AZ EN RU

Standartlara uyğun olmayan elektrik və qaz cihazlarının idxalına icazə verilmir

    Sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilmiş analoji müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlərin görülməsi, bununla əlaqədar  istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
    Həmin tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrasını daha səmərəli formada təmin etmək və bu sarıdan təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış Tədbirlər Planına əsasən kompleks işlər həyata keçirilir.  Belə ki, idxal istiqamətində gətirilən qazla və elektriklə işləyən məişət avadanlıqlarının, qaz sobaları üçün rezin boruların və ehtiyat hissələrinin standartlara uyğunluğu yoxlanılmaqla buraxılışına icazə verilir. Cari ildə,  ümumilikdə, 360  ədəd qazla işləyən məişət avadanlığı standartlara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Aidiyyəti dövlət orqanları ilə birgə Naxçıvan şəhərində, Culfa, Ordubad, Şərur, Kəngərli, Sədərək, Babək və Şahbuz rayonlarında, ümumilikdə, 142 ticarət obyektinə baxış keçirilib, satışa çıxarılmış qaz sobalarının, o cümlədən qaz və elektriklə işləyən digər məişət avadanlıqlarının standartlara uyğun olub-olmaması yoxlanılıb.
    Tədbirlər Planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan, üzərində istifadə qaydaları haqqında Azərbaycan dilində müvafiq təlimatı olmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bu barədə istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması, bu cür halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Muxtar respublikada əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması məqsədilə kütləvi informasiya vasitələrində, gömrük-keçid məntəqələrində quraşdırılmış elektron lövhələr vasitəsilə, eləcə də fərdi olaraq fiziki və hüquqi şəxslərlə maarifləndirmə işi aparılır. Gömrük orqanlarının haqlı tələblərinin narazılıqla qarşılanmaması üçün standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə məhdudiyyətlərin hüquqi əsası izah olunur. 
    Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı,  ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır.  Elektrik və qazla işləyən qızdırıcı cihazların fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gətirilməsi hallarında da qanunvericiliyin tələblərinə riayət olunmalıdır.
    Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçılarının hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə standartlara uyğun olmayan elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən gətirilən bu tip cihazların buraxılışına Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yoxlamadan keçirildikdən sonra icazə verilir. Gömrük orqanları standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalına yol verilməməsi, muxtar respublikamızda rahat və təhlükəsiz həyatın təmin olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2022 19:09