AZ EN RU

Standartlara uyğun fəaliyyət təmin olunur

    Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi, kiçik sahibkarlıq subyektlərinin və ailə təsərrüfatı sahiblərinin iqtisadi resurslara çıxışının təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası sürətli inkişafa geniş imkanlar açmaqdadır. Xüsusilə son illərdə sənayenin müxtəlif sahələrində aparılan uğurlu iqtisadi siyasət diyarımızda yeni istehsal müəssisələrinin açılmasına, mövcud müəssisələrin fəaliyyətinin gücləndirilməsinə, həm də yerli məhsul istehsalının həcminin artmasına şərait yaradır. Bu isə daxili bazarın yerli məhsullarla təminatına, ixracyönümlü məhsulların növ və çeşidlərinin artmasına, eyni zamanda əhalinin ərzaq məhsulları ilə təminatında etibarlılığın yüksəldilməsinə gətirib çıxarır. Məhz bunun nəticəsidir ki, muxtar respublikada rəqabətqabiliyyətli və alıcı zövqünü oxşayan keyfiyyətli yerli məhsullar istehsal olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq keyfiyyətə nəzarət işi çərçivəsində sentyabr ayında qida məhsullarına aid olmaqla, ümumilikdə, məhsulların 90 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış, nöqsan aşkar edilməmişdir. 
    Qəbul olunmuş müvafiq Dövlə t proqramlarının icrası istiqmətində ötən ay bal məhsulunun 16, emal olunmuş kənd təsərrüfatı məhsullarının 18, meyvə-tərəvəz məhsullarının isə 7 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən edilmişdir. Hesabat dövründə ailə təsərrüfatlarında istehsal olunan məhsullar üçün 2, müəssisədə istehsal olunan məhsullar üçün 2 olmaqla, ümumilikdə, məhsullar üçün 4 etiket layihəsinin standartlara uyğun hazırlanmasına metodik köməklik göstərilmişdir. 
    “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində hesabat ayında sənaye məhsullarının 58 halda laboratoriya analizləri aparılmış, nöqsan aşkar edilməmişdir. 
    “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində 4 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılmasını, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 12 etiket layihəsinin hazırlanmasına metodik köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi ilə birgə məhsullardan 22 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, nəticələrin standartlara uyğunluğu müəyyən edilmiş və sınaq protokollarının surəti aidiyyəti üzrə ailə təsərrüfatlarına çatdırılmışdır.
    Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir. ISO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair ixrac qabiliyyətli məhsulların əmtəə nişanlarının mühafizəsi və beynəlxalq sistem vasitəsilə qeydiyyatı istiqamətində aparılan tədbirlərə uyğun olaraq sentyabr ayında muxtar respublikada ixracyönlü məhsul istehsal edən müəssisələrin nümayəndələrinin iştirakı ilə növbəti maarifləndirici seminar keçirilmişdir. 
    “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə aid dövlət qurumları və müvafiq yerli icra hakimiyyətlərinin əməkdaşları ilə birlikdə ötən ay Kəngərli rayonunun Böyükdüz kəndində kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirakı ilə seminar-müşavirə keçirilmiş, bukletlər və kənd təsərrüfatı məhsulları üzrə standartlarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə dair çıxarışlar təqdim olunmuşdur. 
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə ötən ay 30 təsərrüfat subyektinin rəhbəri ilə maarifləndirici görüş keçirilmişdir. 
    Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində isə sentyabr ayında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə heyvan mənşəli məhsul istehsal edən 3 müəssisədə maarifləndirici görüş keçirilmiş, məhsullardan 3 halda nümunələr seçilərək laboratoriyaya təqdim edilmiş, analizlər üzrə heyvan mənşəli xəstəlik və ya bakteriya aşkar olunmamışdır.
    Hesabat ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş, müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalı və satışı məhdudlaşdırılmışdır. Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət

Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 25.10.2022 19:50