AZ EN RU

Sosial şəbəkələr: onlardan düzgün faydalanmalı, aydın məqsədlər üçün istifadə etməliyik

    Son illərdə həyatımızda texnoloji inkişaf elə sürətlə davam edir ki, keçmişdə bunu yalnız sənaye və səhiyyə kimi sahələrdə görürdük. Bu gün isə həmin proses həyatımızın ayrılmaz hissəsinə çevrilib. Məişətdə hər gün istifadə etdiyimiz elektrikli ev alətləri, kompüterlər, mobil telefonlar həyatımızı çox asanlaşdırır. Belə düşünsək, bütün yaş qrupları, kişilər və qadınlar həyatlarını asanlaşdırmaq və rahatlıq təmin etmək üçün texnoloji cihazlardan faydalanırlar.

    Müasir texnologiyaların inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Bəs, ümumiyyətlə, sosial şəbəkə nədir? Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Məlumat hesablama və informasiya texnologiyaları şöbəsinin aparıcı məsləhətçisi İnci Şirzadova ilə həmsöhbət olduq.
    Müsahibim əvvəlcə bildirdi ki, yeni telekommunikasiya texnologiyaları və internet, xüsusilə cəmiyyət həyatının istənilən sahəsinə fəal şəkildə daxil edilir. Müasir insan kütləvi informasiya vasitələri olmadan təsəvvür edilə bilməz. İnternet yalnız kütləvi informasiya vasitələri deyil, həm də ünsiyyət üçün bir mühitdir. İnternet mühitində ən populyar sahələrdən biri sosial şəbəkələrdir. Sosial şəbəkə dedikdə ictimai obyektlər və onların aralarındakı münasibətlər olan çoxsaylı keçidlərdən ibarət sosial quruluş nəzərdə tutulur. Bu termin elmi leksikona 1954-cü ildə ingilis sosioloqu Barns tərəfindən daxil edilib. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. 
    Sosial şəbəkənin üstün cəhətləri barədə oxucularımıza məlumat verən həmsöhbətim dedi ki, sosial şəbəkələr vasitəsilə ölkədən uzaqdakı yaxınlarımızla ünsiyyət qurur, bilmədiklərimizi öyrənir, maraqlı məlumatlar əldə edirik. Bu istifadəçiyə, bəlkə də, uzun müddət görmədiyi dostunu, tanışını tapıb onunla əlaqə saxlamaqda, danışmaqda  çox kömək edir, virtual olaraq bir araya toplaşıb, fikirlərimizi bölüşə bilirik. Sosial şəbəkələr vasitəsilə məlumatlar əldə edə, müəyyən biliklərə yiyələnə bilirik, cürbəcür intellektual yarışlarla məntiqimizi, riyazi biliklərimizi, xarici dillərdə danışıq səviyyəmizi artırmış oluruq. 
    Etiraf etmək lazımdır ki, bu gün hansısa xəbəri, məlumatı informasiya agentlikləri və xəbər saytlarından əvvəl məhz sosial şəbəkələrdən əldə edirik. Hər hansı materialı hazırladıqda belə, sosial medianın köməyindən faydalanırıq. Sosial şəbəkələr artıq medianın, agentlik və saytların funksiyasını yerinə yetirir desək, yanılmarıq. Təbii ki, söhbət operativ və düzgün informasiyadan gedir. Düzdür, bəzən sosial şəbəkədə yayılan hansısa xəbər, məlumat sonradan öz təsdiqini tapmır, doğru olmur, əksinə, tamamilə qərəzli məqsəd daşıyır. Amma buna baxmayaraq, əksəriyyətimiz ilk olaraq kompüter arxasına keçdikdə hansısa agentlik və saytın internet səhifəsini deyil, məhz sosial şəbəkəni izləyirik. 
    İnci Şirzadova onu da vurğuladı ki, təhsil, təlim-tədris və digər maarifləndirmə işlərində canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçiririk, onlayn rejimdə təşkil edilən müxtəlif forumlarda iştirak edirik. Xüsusilə də son illər ərzində bütün dünyada COVID-19 pandemiyası dövründə onlayn rejimdə keçilən dərslər gənclərin təhsil almalarına böyük köməklik göstərdi. Muxtar respublikada müasir informasiya texnologiyalarının tətbiqinə göstərilən dövlət qayğısının, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin fəaliyyətinin düzgün qurulmasının və buna yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, doğma diyarımız nəinki pandemiya dövründə bir sıra mühüm onlayn tədbirlərdə uğurla təmsil edilib, eyni zamanda onlayn beynəlxalq simpozium və konfransların, digər elmi tədbirlərin təşkilatçısı olub. Bunlarla yanaşı, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir.
    Müasir dövrdə, demək olar ki, hər kəsin sosial şəbəkədən yararlandığını xatırladan müsahibim qeyd etdi ki, təəssüf ki, son dövrlərdə sosial şəbəkələrdən düşünülməmiş şəkildə istifadənin mənfi nəticələri ilə də qarşılaşırıq. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir. Sosial şəbəkələrdən düzgün istifadə ediləndə bunun, xüsusən gənclərin inkişafındakı böyük rolunu görə bilərik. İnsanların sosial şəbəkəni necə, hansı zaman kəsiyində və hansı məqsədlə istifadə etməsindən çox şey asılıdır. Hər bir insan şüurlu şəkildə bilməlidir ki, sosial şəbəkədən nə istəyir. Dünya alimləri belə hesab edirlər ki, sosial şəbəkələr bəşəriyyəti məhvə aparan yeni silah növüdür. Bu tip sosial şəbəkələr insanları müasir həyatdan uzaqlaşdırır, onları asılı vəziyyətə salır. Ən başlıcası isə insanlarda mənəvi dəyərləri məhv edir. Eyni zamanda da virtual dünya real dünyadan uzaqlaşmağa zəmin yaradır, real ünsiyyəti azaldır və insanlarda diqqət dağınıqlığı yaradır.
    İnci Şirzadova onu da bildirdi ki, bu, danılmaz faktdır ki, sosial şəbəkələrə maraq günü-gündən artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsilə bir çox məsələlər həll olunur. Kimisi adi bir paylaşım ilə məşğuldur, kimisi problemlərini həll edir və sair. 
    Gənclər, ümumiyyətlə, bu cür sosial şəbəkələrdən istifadə edən hər bir şəxs, özünə məhdudiyyət qoysa, daha doğru olar. Saatlarla internet qarşısında olmaqdansa, vaxtımızı bizə maraqlı olan başqa şeylərə – mütaliəyə və yaxud elm öyrənməyə sərf edə bilərik. Əslində, sosial şəbəkələrlə bağlı problem dünyanın bir çox ölkəsində var. 
    Həmsöhbətim vurğuladı ki, hazırda inkişafa daha çox yönümlü olan muxtar respublika gəncləri də artıq sosial şəbəkələrin üstünlüklərindən faydalanmaqdadır. Artıq minlərlə fəal insan, xüsusilə də təşəbbüskar gənclər sosial şəbəkələrdə informasiya yayıcısına çevrilib, etik çərçivədə düşüncələrini yaymaq kimi ictimai rəy platforması yaradıb. Hər kəs öz potensialına uyğun şəkildə internet resurslarından istifadə edir və ondan yararlanır. Sürətli internet təminatı bütün naxçıvanlıların sosial şəbəkələrdən sərbəst istifadəsinə imkan verib. Yaradılan şərait isə həmin şəbəkələrdən aktiv istifadə edən naxçıvanlıların doğma diyarımız haqqında ictimai rəyin formalaşması, əhalinin məlumatlandırılması istiqamətində uğurlu fəaliyyəti ilə nəticələnməkdədir. Qürurvericidir ki, sosial şəbəkələrdə yüzlərlə gənc qədim yurd yerimizin təbliğinə xidmət edən səhifələr yaradıblar. Onlar yayılan hər hansı dezinformasiya xarakterli məlumatlara düzgün və yerindəcə, həmçinin sərrast cavab verməyi vətəndaşlıq borcu hesab edirlər. Əksəriyyəti gənclər olan bu sosial şəbəkə istifadəçilərinin 19-20 fevral tarixlərdə Ağbulaq İstirahət Mərkəzində düşərgəsinin təşkil edilməsi, burada “Sosial şəbəkələrdə Naxçıvanın təbliği” və “Sosial şəbəkələrdə turizmin təbliği” mövzularında təlimlər keçilməsi, heç şübhəsiz ki, gənclərimizin bu sahədə daha da fəallaşmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Sosial media istifadəçisi olaraq vaxtımızı daha önəmli, daha vacib məsələlərin təbliğinə, o cümlədən muxtar respublikanın inkişafı istiqamətində keçirilən tədbirlərə yönəltsək, daha çox uğur əldə etmiş olarıq.
    Bütün bunlar bir daha bu qənaətə gəlməyə əsas verir ki, sosial şəbəkədən düzgün və sağlam məqsədlər üçün istifadə etməli, əldə etdiyimiz bilik və məlumatlardan faydalı məqsədlər üçün yararlanmalı, aldığımız məlumatı obyektivlik, millilik və dövlətçilik baxımından analiz və təhlil etməyi bacarmalıyıq. Xüsusilə də gənclər bu sahədə düzgün maarifləndirilməlidir. Bütövlükdə, sosial şəbəkələri XXI əsrin hadisəsi adlandırmaq olar. Hər bir gənc muxtar respublikamızın tanınması üçün sosial şəbəkələrdə müsbət mənada aktiv olmalıdır. Gənclərimizə bunu tövsiyə edirik.

Asimə CƏFƏROVA 

Nəşr edilib : 10.03.2022 21:28