AZ EN RU

Sosial layihənin icrasına nəzarət olunur

    Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir. Cari ildə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan  “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində qadınlara sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı alan 10 qadının evində həmin vəsaitdən düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar monitorinq keçirilmişdir. Monitorinq zamanı  məlum olmuşdur ki, layihə iştirakçıları – Kəngərli rayonunun Xok kənd sakini Şəhanə Abtalıbova, Şərur rayonunun Püsyan kənd sakinləri Təhminə Quluzadə, Naibə Qənbərova, Aralıq kənd sakini Dosduxanım Qasımova, Sədərək rayonunun Sədərək kənd sakini Əfsanə Heydərova iribuynuzlu heyvandarlıq sahəsi üzrə, Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Natəvan Zeyniyeva xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə, Ordubad rayonunun Biləv kənd sakini Pəri Fərzəliyeva arıçılıq sahəsi üzrə, Şərur şəhər sakini Raziyyə Abbasova qənnadı və un məmulatları sahəsi olan şirniyyat üzrə, Ələkli kənd sakini Gülnar Babayeva saç ustası kimi, Yengicə kənd sakini Təhminə Əliyeva isə dərzilik sahəsi üzrə sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək fəaliyyət sahələrini qurmuşlar və nöqsan aşkarlanmamışdır. Həmçinin damazlıq – heyvandarlıq təsərrüfatı ilə məşğul olan qadınlara aldıqları aktivlərin sığortalanmasının əhəmiyyəti haqqında ətraflı məlumat verilmiş, qadınların razılığı ilə alınmış aktivlər müvafiq rayon baytarlıq idarələri və sığorta şöbələri tərəfindən nömrələnmiş və sığortalanmışdır.
    Sərmayə kapitalı alan qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 25.10.2022 20:02