AZ EN RU

Son tamamlama işləri aparılır

    Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda cari ildə də tikinti-quruculuq işləri geniş vüsəti ilə diqqəti çəkir. Coğrafiyası müxtəlif istiqamətləri əhatə edən belə tədbirlər rayona müasir görkəm gətirməklə həm də insanların qurub-yaratmaq əzminə müsbət təsir göstərir, onları doğma yurd yerinə daha sıx tellərlə bağlayır. Tikinti-quruculuq tədbirlərindən rayonun Vərməziyar kəndinə də pay düşüb. Hazırda bu yaşayış məntəqəsində inşa olunan obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. Müasir tipli layihə əsasında yenidən qurulan ikimərtəbəli binada son tamamlanma işləri görülür, inşaatçılar gördükləri işin keyfiyyətli olmasını diqqət mərkəzində saxlayırlar. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, baytarlıq, klub və kitabxana fəaliyyət göstərəcək. Obyekt istifadəyə verildikdən sonra kənddə əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiy­yəti də artırılacaq. Mərkəzdə yaradılacaq feldşer-mama məntəqəsi lazımi tibbi avadanlıqlar və müasir cihazlarla təchiz ediləcək.

    Əhalinin məişət problemlərinin həllinə isə istifadəyə veriləcək yeni xidmət mərkəzi yaxından kömək edəcək. İndiyədək kiçik məişət xidmətləri üçün rayon mərkəzinə getməyə məcbur olan kənd sakinləri artıq öz ehtiyaclarını kənddə ödəyə biləcəklər. Yeni xidmət mərkəzində ərzaq, sənaye və tikinti materialları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi və ət satışı yeri fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.09.2022 19:46