AZ EN RU

Sığorta xidmətlərinin həcmi genişləndirilir

    İqtisadi münasibətlərin mühüm tərkib hissəsi olan etibarlı sığorta sisteminin yaradılması həyata keçirilən iqtisadi və sosial siyasətin əsas məqsədlərindən biridir.  Belə ki, insanların gözlənilməz bədbəxt hadisələrdən sığortalanması  mühüm bir iqtisadi tələbat kimi hər yerdə qarşıya çıxır. Bu tələbatları ödəmək üçün göstərilən xidmətlər  muxtar respublikamızda da sosial-iqtisadi inkişafın məntiqi nəticəsi kimi insanların maraqlarını ödəyir.
    “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs  bu istiqamətdə qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün 2022-ci ilin ilk üç ayında fəaliyyətini davam etdirmişdir.  
    Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada sığorta işinin daha da təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin böyüdülməsi istiqamətində tapşırığına əsasən cari ilin I rübündə səyyar xidmətin əhatə dairəsi  genişləndirilmiş, bu xidmət növü, ümumilikdə, 3 rayon, 1 qəsəbə, 1 şəhər, 42 kənddə fəaliyyət göstərmişdir. 
    Cari ilin ilk üç ayında Dövlət Sığorta Xidməti ötən ilin müvafiq dövrü ilə müqayisədə həm müqavilə sayı, həm də sığorta haqlarının toplanmasında artım  əldə etmişdir. 
    Belə ki, həyat sığorta sahəsi üzrə 25 min 993 sığorta müqaviləsi bağlanılmış, sığorta haqlarının toplanılmasında 17 min 586 manat, qeyri-həyat sığorta sahəsi üzrə isə 431 sığorta müqaviləsi, 28 min 683 manat artım qeydə alınmışdır. 
    İcbari və könüllü sığortalara gəldikdə icbari sığortalar üzrə, ümumilikdə,1373 müqavilə artıq bağlanmış, 41 min 946 manat əlavə sığortahaqqı toplanılmış, könüllü sığortalar üzrə isə müqavilə sayında azalma müşahidə edilsə də, sığorta haqlarının yığımında 4 min 323 manat artım olmuşdur.
    Hazırda kənd təsərrüfatında sığortanın inkişafı prioritet vəzifələrdəndir. Buna görə də aqrar sahə ilə əlaqədar sığortanın genişləndirilməsi istiqamətində aparılan işlərdən kənd təsərrüfatı bitkilərinin sığortasında daha böyük əkin sahələri sığortaya cəlb olunduğundan muxtar respublika üzrə sığorta müqavilələrinin sayında müəyyən qədər azalma olsa da, toplanılan sığorta haqlarında 8 min 314 manat artım olmuşdur. Güzəştli heyvandarlıq sığortası müqavilələrindən isə 146 müqavilə bağlanılmış, 1260 manat sığortahaqqı toplanılmışdır. 
    Aqrar sığortanın inkişaf etdirilməsinin əsas göstəricisi kimi Şərur rayonunu göstərmək olar ki, bu rayon  üzrə bitkiçilik sahəsindən 19 aqrar sığorta müqaviləsi bağlanılmış, 7 min 282 manat sığortahaqqı toplanılmış, heyvandarlıq üzrə isə 27 ədəd müqavilə bağlanılmış, 290 manat sığortahaqqı toplanılmışdır. 
    İlk üç ayda meyvə-tərəvəz sığortası üzrə bağlanılmış müqavilə sayında 13, toplanan sığorta haqqında 130 manat artım qeydə alınmaqdadır. Kənd təsərrüfatı heyvanlarının sığortasına baxdıqda isə bağlanılmış müqavilə sayında 164 artım olduğunu görməkdəyik. 
    Cari ilin ilk 3 ayı ərzində digər sığorta növləri üzrə artımlara baxdıqda  muxtar respublikada əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 24  manat həcmində sığortahaqqı, girov sığortası üzrə 557  manat həcmində sığortahaqqı, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə 54 müqavilə, 7 min 73 manat həcmində sığortahaqqı artmışdır. 
     Göründüyü kimi, sığorta sahəsinin inkişafına göstərilən diqqət və  həyata keçirilən tədbirlər müsbət nəticəsini vermiş, sığorta xidmətlərinin şaxələndirilməsi və müqavilələrin bağlanılmasında artım əldə olunmuşdur. 

Əli CABBAROV

Nəşr edilib : 25.04.2022 20:41