AZ EN RU

Səyyar xidmətin fəaliyyətindən razılıq edilir

    Muxtar respublikamızda dinamik sosial-iqtisadi inkişafın bəhrələrini həyatımızın bütün sahələrində görmək olar. İnsanların layiq olduğu səviyyədə yaşamasına yönəldilmiş tədbirlərin reallaşdırılması, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi istiqamətində görülən işlər də həmin tədbirlərin tərkib hissəsidir. Bunun ifadəsi kimi, 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyar xidmətin fəaliyyəti hər bir naxçıvanlı tərəfindən yüksək qiymətləndirilir. Nazirliyin əməkdaşı, polis mayoru Seymur Tağıyevin sözlərinə görə, səyyar xidmət üçün nazirliyə “Hyundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq kompüter, POS-terminal, fotoaparat və digər avadanlıqlarla təchiz edilib. Səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Avtomobildə quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara verilməsinə imkan yaradıb.
    Seymur Tağıyevin verdiyi məlumata görə, xidmət 2021-ci ili uğurla başa çatdırıb. Belə ki, il ərzində səyyar xidmətə 16 min 900 müraciət olub. Onlardan 15 min 419-u şəxsiyyət vəsiqəsi, 1309-u sürücülük vəsiqəsi,  172-si məhkumluq arayışı almaq üçün müraciətlərdir. Müraciətlər vaxtında öz həllini tapıb.
    2022-ci ilin yanvar ayının 5-dən xidmət öz fəaliyyətini davam etdirməkdədir. Həmin tarixdən 30 mart 2022-ci il tarixədək muxtar respublikanın bir sıra kəndlərində, o cümlədən Culfa rayonunun 10,  Babək rayonunun 14, Şahbuz rayonunun 3, Kəngərli rayonunun 3, Şərur rayonunun 15, Sədərək rayonunun 2, Ordubad rayonunun 7 kəndində vətəndaşlara xidmət göstərilib. Həmin kəndlərdə xidmət zamanı, ümumilikdə, 2796 nəfərin müraciətinə baxılıb. Bu müraciətlərin 2438-i şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, 300-ü sürücülük vəsiqəsinin dəyişdirilməsi, 58-i isə məhkumluq haqqında arayışların verilməsi ilə əlaqədar olub. Səyyar xidmət 1 aprel 2022-ci il tarixdən Babək rayonunun ərazisində öz fəaliyyətini davam etdirir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.04.2022 17:49