AZ EN RU

Şərur və Ordubad rayonlarında sakinlərə səyyar xidmət göstərilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin əməkdaşları və Naxçıvan Gənclər Fondunun könüllülərindən ibarət səyyar xidmət qrupu 15-18 iyul tarixlərində Şərur və Ordubad Rayon Təhsil şöbələrinin inzibati binasında bu rayonlarda yaşayan sakinlərə xidmət göstəriblər. Səyyar xidmət zamanı, ümumilikdə, 8 istiqamət üzrə  – “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə, müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə, AMEA Naxçıvan Bölməsinə, dövlət qulluğu üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatına, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrə, Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.
   Xidmətin həyata keçirilməsi zamanı könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri tətbiq edərək mərkəzin əməkdaşının müşayiətilə vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiq ediblər.
    İki gün ərzində, ümumilikdə, Şərur və Ordubad rayonlarında yaşayan 118 namizədə səyyar xidmət göstərilib. Onu da qeyd edək ki, rayonlarda həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisinin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərməkdir. Səyyar xidmətin təşkili vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır. 
    Həyata keçirilən xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 22.07.2022 22:09