AZ EN RU

Şərur rayonunda bol kartof yetişdirilib

    Muxtar respublikamızda əlverişli təbii mühitin olması, əkinəyararlı torpaqların üstünlük təşkil etməsi və süni suvarma şəbəkələrinin mövcudluğu burada kənd təsərrüfatı işinin təkmilləşdirilməsinə geniş şərait yaradır. Yurdumuzun bütün ünvanlarında, habelə qəsəbə və kəndlərində aqrar sahənin bir çox istiqamətləri zəhmətsevər insanlar tərəfindən bu gün də yaşadılır. Ömrünü əməyə, halal çörəyə bağlamış, torpaqla bütünləşmiş insanlar bu yolla həm dolanışıqlarını təmin edir, həm də ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Diyarımızın bir çox yerlərində bağçılıq-bostançılıq, bir qismində heyvandarlıq əsas məşğuliyyət sahəsi olduğu kimi, öz məhsuldarlığı ilə seçilən Şərur rayonunda da hər il yüksək keyfiyyətli bol kartof yetişdirilir, bir sözlə, meyvə-tərəvəzçilik bu yerlərdə əsas gəlir sahəsi hesab olunur. 
    Qeyd edək ki, ölkəmizin, o cümlədən muxtar respublikamızın tərəvəz məhsulları ilə təminatında Şərur rayonunun böyük payı var. Rayonun, demək olar ki, əksər kəndlərində istixana təsərrüfatları salınıb, kənd sakinləri tərəfindən bu istiqamətdə lazımi şərait yaradılıb. Hər gün şəhərimizə, eləcə də digər rayonlarımızın bazarlarına Şərurdan tərəvəz məhsulları daşınır. Eyni zamanda Şərur rayonundan gündəlik olaraq yerli bazarlara müxtəlif tərəvəz məhsulları, o cümlədən kartof göndərilir. Rayon ərazisində bu təsərrüfat işinin günü-gündən artması da təsadüfi deyil. Belə ki, dövlətimizin təsərrüfat sahiblərinə göstərdiyi qayğı, əkiləcək məhsulların yüksəkkeyfiyyətli toxumlarla təmin olunması, onlar üçün əlverişli iş şəraitinin yaradılması bu sahəyə marağı daha da artırır. 
    Məlumat üçün qeyd edək ki, ötən il Şərur rayonu ərazisində min 374 hektar ərazidə kartof əkini həyata keçirilib və 25 min tona yaxın məhsul əldə edilib. Bu il də rayonda kartofçuluğa maraq xeyli artıb. Belə ki, cari ildə min 376 hektar sahədə kartof əkini həyata keçirilib, hazırda isə yığım işləri davam etdirilir. Mütəxəssislərin fikrinə görə, rayonda əldə olunan məhsulun ötənilki ilə müqayisədə daha çox olacağı gözlənilir. Rayonda kartof əkininə görə Aralıq, Axaməd, Cəlilkənd, Düdəngə, Zeyvə və Sərxanlı kənd­ləri xüsusilə seçilir. 
    Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi həm də iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradır. Kənd təsərrüfatının digər sahələri kimi kartofçuluq da muxtar diyarımızda təşəkkül tapmış aqrar sahənin əsas istiqamətlərindəndir. Kartofun ən çox yetişdirildiyi rayonlarımızdan olan Şərurda ilbəil bu sahəyə maraq daha da artır. İnanırıq ki, gələcək illərdə də kartofçuluq rayonun aparıcı təsərrüfat işlərindən biri olaraq qalacaq. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.08.2022 19:46