AZ EN RU

Şərur rayonu da dövlət qayğısından bəhrələnir, abadlaşır, gözəlləşir

    Ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin digər bölgələri kimi, Naxçıvana da göstərdiyi diqqət və qayğının nəticəsidir ki, muxtar respublika sürətlə inkişaf edir. Sosial-iqtisadi inkişaf, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi qədim diyarımız olan Şərur rayonunda da tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi Dövlət proqramlarına uyğun olaraq diyarımızda ayrı-ayrı obyektlərin tikintisi uğurla davam etdirilir. Şərur rayonunda da istehsal müəssisələri, təhsil, səhiyyə və digər qurumlar üçün binaların  tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Şərur şəhəri həyata keçirilən quruculuq tədbirləri sayəsində simasını büsbütün dəyişib. Aparılan abadlıq, quruculuq və yaşıllaşdırma tədbirləri sayəsində şəhərdəki Heydər Əliyev prospekti, Heydər Parkı və digər məkanlar gözəl görkəm alıb. Hazırda Şərur şəhərində həyata keçirilən quruculuq tədbirlərindən biri də 40 mənzilli yeni yaşayış binasının tikintisidir. 
    Hazırda binanın beşinci mərtəbəsində beton-qəlib işləri görülür.
    Şəhərin Mikayıl Müşfiq küçəsində də kompleks quruculuq işləri aparılır. Ərazidə 12 yaşayış binası əsaslı şəkildə təmir edilir. Binaların dam örtüyü yenilənir, fasad hissələrinə yeni görkəm verilir, qapı və pəncərələri daha müasir və keyfiyyətli materiallarla dəyişdirilir. Bundan əlavə, yaşayış binalarının qarşısı abadlaşdırılır, nümunəvi həyətlər salınır. Tikintisi davam etdirilən mühüm obyektlərdən biri də avtovağzal binasıdır. 
    Hazırda burada son tamamlama işləri yerinə yetirilir. Binanın içərisində gözləmə zalına üzlük plitə daşları kəsilib bərkidilir, beton-qəlib işləri görülür. Avtovağzal binasının qarşı tərəfi abadlaşdırılır, piyada yolları, səkilər qaydaya salınır, yaşıllaşdırma tədbirləri həyata keçirilir. Avtovağzal binası istifadəyə verildikdən sonra rayon mərkəzində və ayrı-ayrı kəndlərdə sərnişindaşıma xidməti daha da yaxşılaşacaq, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldiləcək. 
    Onu da qeyd edək ki, şəhərdəki mərkəzi stadionda da yenidənqurma işləri görülür, gənclərin və yeniyetmələrin idmanın müxtəlif sahələri ilə məşğul olmaları üçün lazımi şərait yaradılır. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 13.01.2023 18:13