AZ EN RU

“Şərq qapısı” qəzetinin ictimai nəzarət funksiyasının gücləndirilməsi qəzetin mətbu dəyərini və ictimai nüfuzunu yüksəldir

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə verilən məlumatda qeyd olunur ki, qəzetin 3 fevral 2023-cü il tarixli nömrəsində dərc olunan “30 ildir, aydınlaşmayan məsələ və ya mənəvi işgəncə...” adlı məqalədə əksini tapan problemə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən münasibət bildirilmişdir. Belə ki, məsələyə hüquqi qiymət verilməsi məqsədilə məqalədə haqqında bəhs olunan vətəndaş Aydın Hüseynovla 3 fevral 2023-cü il tarixdə telefon əlaqəsi saxlanılaraq Müvəkkil aparatına dəvət olunmuş və o, 4 fevral 2023-cü il tarixdə Ombudsman Günay Rzayeva tərəfindən qəbul edilmişdir. Müvəkkil Aydın Hüseynovun müraciətini dinlədikdən sonra şikayətin icraata götürülməsi barədə müvafiq tapşırıq vermişdır. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma davam edir.

Qeyd edək ki, “Şərq qapısı” qəzetinin şöbə müdiri Nail Əsgərovun qəzetin 3 fevral 2023-cü il tarixli nömrəsində dərc olunan “30 ildir, aydınlaşmayan məsələ və ya mənəvi işgəncə...” adlı məqaləsində 1964-cü il təvəllüdlü  Naxçıvan şəhər sakini Aydın Hüseynovun  ötən əsrin 90-cı illərində Sədərək uğrunda işğalçı mənfur ermənilərə qarşı gedən qızğın döyüşlərdə iştirak etdiyi, 1992-ci il il iyulun 1-də sağ tərəf qarın boşluğundan 3 güllə yarası aldığı üçün döyüş meydanından təxliyə olunduğu qeyd edilir. Məqalədə təəssüf hissi ilə bildirilir ki, Aydın Hüseynovun Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq Naxçıvan Dövlət Müdafiə Komitəsinə təhvil verilməsi barədə arayış, güllə yarası alması haqqında xəstəxana sənədi olsa da, nədənsə onun hərbi biletində və komitənin hüquqi varisi olan 705 saylı hərbi hissənin arxiv əmr kitablarında döyüşlərdə iştirak etməsi, yaralanması barədə qeydlər edilməyib. Bütün hüquqi sənədlərin, müharibə şahidlərinin olmasına rəğmən 30 ilə yaxındır ki, Aydın Hüseynovun müharibə veteranı statusu almaq müraciəti həll olunmamış qalır. Məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

http://serqqapisi.gov.az/xeberler/30-ildi-aydinlasmayan-mesele-ve-ya-menevi-isgence-1                                                                       

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) məsələyə operativ münasibət göstərərək şikayətin dərhal icraata götürülməsinə görə qəzet redaksiyası və çoxsaylı oxucuları adından minnətdarlığımızı bildirirk. Əminik ki, məsələ qısa zamanda ədalətli yolla öz həllini tapacaq. Son vaxtlar “Şərq qapısı” qəzetində dərc olunan araşdırma yazıları və tənqidi materiallara aidiyyəti orqanlar tərəfindən operativ reaksiya verilməklə problemlərin qanuni yolla, obyektiv və ədalətli həll olunması Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən demokratik islahatların uğurlu nəticəsidir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun fəaliyyəti effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, mövcud problemlərin operativ və səmərəli həlli baxımından artıq öz bəhrəsini veməkdədir. Yaranan obyektiv və demokratik şəraitdən istifadə edilərək “Şərq qapısı” tərəfindən qaldırılan, illərdir həllini gözləyən problemlərin nəhayət real və obyektiv həlli eyni zamanda  qəzetin də mətbuat orqanı kimi ictimai nəzarət funksiyasını gücləndirərək kütləvi informasiya vasitələri sırasında kəsərli söz sahibinə çevrilməsinə, nüfuzunun daha da artmasına xidmət edir.

“Şərq qapısı”

Nəşr edilib : 06.02.2023 10:34