AZ EN RU

Sənifə xanımın könül pıçıltıları

    Qarşımda bir kitab var. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən bir ay olmaz çapdan çıxmış, müəllifinə, oxucusuna böyük sayğı və ehtiramın ifadəsi olaraq çox gözəl, nəfis şəkildə tərtib edilmiş bu kitab “Sənifə xanım Sultanovanın şeirlər toplusu”dur.
    Kitabın üz qabığındakı rəng çalarları, rəssam duyumu oxucunun zövqünü oxşayır. Yarpaqlar səpələnmiş aylı qaranlıq gecəni müəllifin tanış nurlu siması işıqlandırır... Yarpaqlarsa payız, xəzan yarpaqları deyil, bahar çiçəyinin ləçəkləridir! Sandım ki, bu tərtibat qaranlıq gecələrinin işıqlı sabaha açılan keşməkeşli ömrünün 86-cı baharını gənclik şövqü, məhəbbəti, tükənməz həyatsevərlik eşqi ilə yaşayan Sənifə müəllimənin arzularının, könül pıçıltılarının dürüst ifadəsidir... Onun “Könlüm”, “Ömrün payız xəzəli”, “Göyərçin balalar”, “Sənifə xanıma həsr olunan şeirlər” kitabları ilə tanış idim, şeir yaradıcılığını izləmişdim. Kitab haqqında yeni nəşr kimi geniş resenziya yazmaq məqsədim yoxdur, sadəcə, filoloji təhsili olan, ədəbiyyatı, şeiri, sənəti çox sevib qiymətləndirən bir oxucu marağı məni bu sətirlərin müəllifi etdi.
    Kitabın titul vərəqindəki müəllifin çox səmimi etirafı diqqəti çəkir:
    “Mən nə Ədəbiyyat, nə Jurnalistika fakültəsini qurtarmışam. Yazdıqlarım mənim qəlbimin duyğularıdı. Yazdıqlarıma heç bir düzəliş verilmədən çap olunmasını özüm xahiş etdim. Oxuyanlar çatışmayan çox cəhətləri nəzərə alsınlar...” Mən də Sənifə Sultanovanın şeirlər toplusuna bu meyarla yanaşdım:

        Mənim sınıq sazlı narahat könlüm
        Baharın itirmiş payıza bənzər.
        Hər teli min dərdli bu xəstə könlüm,
        Dərmanı tapılmaz xəstəyə bənzər.

    Məhəbbət mövzusu uğursuz gəncliyi tale qismətinə çevrilmiş bu xanımın şeir yaradıcılığının leytmotividir:

        Yanan bir məşəldi o,
        Bitməyən bir qəzəldi o
        Payızda da xəzəldi o,
        İlk sevgi, ilk məhəbbət.

    Erkən dünyasını dəyişmiş sevgili ömür-gün yoldaşına məhəbbət, onun yadigarları iki qızına, nəvələrinə, nəticələrinə, valideynlərinə, el-obasına, soykökünə məhəbbət! Bu məhəbbət dünyanın qırxdan artıq ölkəsinin böyük şəhərlərini gəzib-dolaşmış Sənifə xanımın yurdu-yuvası Azərbaycana, doğma ana yurdu Naxçıvana bağlılığının mayasını, qayəsini təşkil edir:

       Mən sənin əlindən de qaçım hara?
       Vurmusan qəlbimə dözülməz yara.
       İstədim mən köçəm başqa diyara
       Vətən həsrəti sağalmaz yara,
       Odur ki Vətəndən köçə bilmirəm!

    Havasını udub suyunu içən, çörəyini yeyib torpağı üstündə, alnıaçıq, cəsarətlə addımlayan yüzlərlə naxçıvanlı vətəndaş ziyalılardan biridir Sənifə xanım.

        Çox sevirəm mən şeiri,
        Çox sevirəm mən nəğməni.
        Sazla çalan bir nəğməni,
        Mən min caza dəyişmərəm!

    Sənifə xanımın poeziya duyumunda hər şey dəyişən, təzələnən, artan-azalan, var olan, yox olandı, dəyişməyən təkcə onun özünün xislətinə hörmət və məhəbbətidir:

        Dəyişməyib arzularım,
        Dəyişməyib nisgillərim,
        Dəyişib gənclik illərim.
        Qocalsam da, bu dünyada
        Məni salan yanar oda
        Arzuları, nisgilləri
        Mən heç nəyə dəyişmərəm
.

    Sənifə Sultanovanın lirik qəhrəmanı nisgilli məhəbbət odunda qarsalanıb yansa da, o nikbindir, küskün deyil, ona görə də yorulmur yazıb yaratmaqdan:

        Ömrün xəzan çağı yaxınlaşanda,
        Heç kəs bu duyğudan köçmək istəmir.
        Həyatda bir müddət yaşamaq üçün
        Tanrıdan yenidən möhlət istəyir!

    Sənifə xanımın ömür yolunu nəzərdən keçirəndə xəyalımızda onun fədakar, yorulmaz ana, övladları, nəvə-nəticələri üçün fərəhlənən, onlara görə özünü xoşbəxt hesab edən nurani, pirani Azərbaycan qadını canlanır. Bəlkə də, onu cavanlaşdıran amillərdən biri, deyərdim ki, başlıcası əmək fəaliyyətinin böyük bir dövrünü Naxçıvanda ailə həyatı quran gənc­lərimizin nikah, dünyaya göz açan körpələrimizin doğum şəhadətnaməsi xoşbəxtliyinin sevinclərinə şərik olmasıdır. 64 illik əmək fəaliyyətinin 44 ilini Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) nəzdindəki nikah evinin müdirəsi işləyərkən “Vağzalı” sədaları altında, musiqi ilə gəncləri gül-çiçəklə qarşılayıb, gülərüzlə nikah aktlarına imza edib.
    Şəhərimizdə ailələr tanıyıram ki, bəylə xanımına nikah şəhadətnaməsi, uşaqlarına doğum haqqında şəhadətnamə, 20-25 ildən sonra isə nəvələrinə aldıqları doğum şəhadətnaməsində Sənifə Sultanovanın imzası var! Yaradıcılığında da poetik obrazla əks olunduğu kimi bu illər ərzində onun şahidliyi ilə neçə-neçə gənc oğlan, qız əhd-peyman nişanəsi olan nişan üzüyü taxıb! İllərlə övladı olmayan ata-ana nübar balalarına doğum şəhadətnaməsi alıb. Şeirlərinin çoxunda Sənifə xanımın sevincinin, gənclərə ana nəsihətinin dilək və duasının şahidi oluruq:

        Sən sevginən Vətənini, torpağını,
        Torpaq üstə şəhid olub
        Torpaq altda yatanları,
        Sevməginən qeyrətini, namusunu,
        Hər şeyini, torpağını satanları.

        Bir gəlinin üzündə gülüş görəndə
        Bir gəlinin üzündə nəşə görəndə
        İstərəm həm öpəm onun üzündən.
        Deyəm...
        Dünyanı gülərüzlə doyunca yaşa!
        Kəsilməsin evindən gülüşün səsi!
        ... Dünyaya gərəkdir körpə nəfəsi!

    Şeirlər toplusunda Sənifə xanımın illər öncə tikib qəribə naxışlarla bəzədiyi fotolar, əl işləri də var. Qəribə naxışlarla təbii rəngli güllərlə iynə və qarmaqla tikilmiş süfrələr, çilçıraq örtükləri, divara vurmaq üçün musiqi açarı təsviri olan çiçəklərlə haşiyələnmiş tikmələr də bu incə zövqlü xanımın yaradıcılıq məhsullarıdır.
    Onun yaşıdlarından olan yaşlı nəslin nümayəndəsi, mərhum rəfiqələrindən biri  – hansı ki onunla otur-dur edib, evində olub – danışırdı ki, Sənifə xanım evindəki otaqlarını öz zövqünə uyğun hər fəslə görə, günün hər vaxtına görə müxtəlif cür bəzəyir və bundan zövq alır.
    Yenə də kitabın titul vərəqindəki Sənifə xanımın bir cümləsini xatırlayaq:
    “... Özüm tikdirdiyim evin memarı olmuşam”.
    Düşünürsən: “Nə qədər sağlam ruh sahibi olasan ki, özündə belə yüksək zövq, zəngin xarakter tərbiyə edəsən...”
    Zənnimcə, anaların anası, nənələrin anası, təkbaşına böyüdüb, oxudub tərbiyə etdiyi qızlardan müstəqil Azərbaycan dövlətçiliyi, tərəqqisi yolunda, doğma Naxçıvanımızın dünya səviyyəsində inkişaf liderliyi qazanması yolunda səmərəli fəaliyyət göstərən, ümumilikdə, 6-sı ali təhsil almış 8 nəvədən və eyni ruhda tərbiyə alan 8 nəticədən ibarət böyük bir ailənin də memarıdır,  – desək yanılmarıq.
    Sənifə ana, Sənifə nənə bu gün ixtiyar yaşında ötüb-keçən gəncliyinin fərəhini, xoşbəxtliyini, sevincini övladlarının, nəvə-nəticələrinin xoşbəxtliyində tapır:

       Mən demirəm ehtiyacım var nəyə
       Güvənmədim heç kimsəyə, heç nəyə,
       Öyrənmişəm hər işimi görməyə
       Ehtiyac duyduğum doğmalarımdır.

    Qəlbinin poetik pıçıltıları ilə baş-başa ömür keçirən, xidmətlərinə görə Vətənin ali mükafatı – “Əməkdar dövlət qulluqçusu” fəxri adı, “Tərəqqi” medalı ilə təltif olunan Sənifə müəllimə sakit, xudmani guşəyə çəkilərək könül pıçıltılarını kağıza köçürmək üçün qələmi ilə baş-başa qalmağı sevir. Qalan ömrünüzü bu yurdun, bu diyarın çiçəklənməsi ilə mənən zövq ala-ala, fərəhli və sağlam yaşayın, Sənifə xanım.

Nubar ABDULLAYEVA

Nəşr edilib : 09.03.2022 18:11