AZ EN RU

Sənətə və sənətkara verilən dəyərin ədəbi nümunəsi – “Bir ömrün sənət zirvəsi”

    Muxtar diyarımızın mədəni həyatından hər dəfə söhbət açanda tarixi, ədəbiyyatı, milli-mənəvi dəyərləri, zəngin mətbəx nümunələri yazımızın əsas süjet xəttini təşkil edir. Keçdiyi tarixi inkişaf yoluna nəzər yetirsək görərik ki, qədim diyarımızın incəsənəti, habelə musiqi mədəniyyəti də uzun illər bu sahənin həqiqi ziyalı simalarının sayəsində yaşadılıb və bundan sonra da yaşadılacaqdır. Elə həmin sənətkar ziyalılarımızdan olan xormeyster, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Naxçıvan Dövlət Universitetinin Mədəniyyət və İncəsənət fakültəsinin Fortepiano kafedrasının professoru Səidə Məmmədovanın çoxşaxəli irsinin yer aldığı, müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyeva olan “Bir ömrün sənət zirvəsi” adlı ədəbi yaradıcılıq nümunəsi, hesab edirəm ki, bu dediyimiz yüksək fikirlərin təsdiqi olmaqla bərabər həm də sənətə və sənətkara verilən dəyərin gözəl ədəbi nümunəsidir.

      “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə nəşr olunan kitabın ilk səhifəsində Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin “Ön söz” başlıqlı məqaləsi ilə qarşılayırıq. Məqalənin epiqraf hissəsində qeyd olunan “Əsl sənət Günəşə bənzər, onun işığı sönməz, əbədidir!” fikriləri öz yerini müəllifin kitabla bağlı dəyərli fikirlərinə verir. Professor Gülnaz Abdullazadə müəllifin yaradıcılıq zəhmətindən söz açaraq yazır: “Kitabın səhifələrini vərəqlədikcə aydın olur ki, Səidə Məmmədovanın yubileyi ərəfəsində Qalibə Hacıyeva tərəfindən hazırlanan “Bir ömrün sənət zirvəsi” adlı bu kitab ustad sənətkara sonsuz sevginin ifadəsi kimi böyük diqqət və məhəbbətlə tərtib olunub. Kitabda Naxçıvanda boya-başa çatan, yaşayıb-yaradan bu böyük şəxsiyyətin həyat və yaradıcılığının bütün yönlərinə diqqəti cəlb edən müəllif, Səidə Məmmədovanın dirijorluq fəaliyyətinə gəldikdə nəinki onun ifaçılığından bəhs edir, həm də yaratdığı və rəhbərlik etdiyi kollektivlərin repertuar zənginliyindən də yerli-yerində söz açır”. 
    Kitabın “Başlanğıc” adlı hissəsində müəllif əsrlərboyu cəmiyyətin aparıcı mövqeyində dayanan qadın ucalığından, qadın ülviyyətindən söhbət açaraq real faktlar əsasında çıxış edərək hadisələrə yanaşır və optimal baxış tərzi sərgiləyir. Tarixi hadisələrin ardıcıllığı ilə mövzunu işıqlandıran müəllif qadınlarımızın ictimaiyyətdəki fəallığını rəğbətlə qarşılayır və həmin mövzunu oxucuya Səidə Məmmədovanın çoxşaxəli yaradıcılıq yolu ilə vəhdətdə təqdim edir. 
    “Naxçıvanda musiqi mədəniyyətinin inkişaf tarixinə bir nəzər” başlıqlı hissədə müəllif əsrlərboyu xalqımızın hafizəsində kök salmış, milli-mənəvi dəyərlərimizin əsas qayəsini təşkil edən incəsənət dünyamızdan, habelə musiqi mədəniyyətimizin keçdiyi tarixi inkişaf yolundan söhbət açır. Müəllif haqlı olaraq qeyd edir ki, dünyanın qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycanda musiqi sahəsi də böyük mədəni-maarif yolu qət edib. 
    Kitabın növbəti fəsli “Səidə Məmmədovanın həyat və yaradıcılıq yolu” başlığı ilə sənətkarın bədii irsindən danışır oxuculara. Professor Səidə Məmmədovanın çoxistiqamətli yaradıcılıq yolunu müəllif bu fikirlərlə ifadə edir: “Sənət dünyasında peşəkar musiqiçi və ustad sənətkar kimi tanınmış Səidə Məmmədovanın fəaliyyətinin əsas hissəsi pedaqoji istiqamətə yönəlmiş olsa da, professional bir sənətkar kimi onun həyatı tamamilə yaradıcılıqla bağlı olmuşdur. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, musiqinin müxtəlif sahələri üzrə də yaradıcılıq fəaliyyətini davam etdirən Səidə xanım Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi bir çox istedadlı musiqiçi kadrlarla, eyni zamanda muxtar respublikada mədəniyyət və incəsənət sahəsində əldə etdiyi uğurlarla xalqın böyük rəğbətini qazanmış və Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoymuşdur”.
    Kitabda yer alan və Səidə Məmmədovanın sənət yolundan bəhs edən elmi publisistika nümunələri də diqqətdən yayınmır. Belə ki, Füzuli İbrahimzadənin “Şərq qapısı” qəzetinin 25 may 2002-ci il tarixli nömrəsində “Könüllərə düşən işıq” başlıqlı məqaləsində deyilir: “50 ilə yaxındır ki, Səidə xanım musiqi ilə nəfəs alır, yaşayır və yaradır. İfaçı musiqiçinin məharəti yalnız o zaman bədii hadisəyə çevrilir ki, o öz istedadı, bacarığı ilə ifa etdiyi əsərlərdə olan ideyanı, fikirləri dinləyiciyə çatdıra bilir. Səidə xanımın məharəti məhz dinləyici və tamaşaçıda musiqi ilə müəmmalı bir bağlılıq hissi doğurmaqda, musiqinin varlığı ilə qovuşdurmaqdadır. Ona görə də onu hamı sevir və sənətinə pərəstiş edir”. 
     XX əsrin 60-cı illərindən yaradıcılıq yoluna başlayan Səidə Məmmədova məlum olduğu kimi, yalnız Azərbaycan musiqisinə töhfələr vermə­mişdir, o həm də Naxçıvanda musiqi sənətinin inkişafında müstəsna xidmətlər göstərmiş, bir çox savadlı incəsənət adamlarının yetişməsində böyük rol oynamışdır. Sadaladığımız bu fikirlərin davamını kitabda yer alan “Naxçıvanda musiqi mədəniyyətinin inkişafında Səidə Məmmədovanın rolu” başlıqlı bölmə ətraflı məlumatlar əsasında təqdim edir. Kitabın bu fəslində müəllif sənətkarın yaradıcılıq ruhunu müxtəlif hissələrə ayırır və hər bir dövr üçün Səidə xanımın keçdiyi sənət yolunu şərh edir. 
    Kitabda yer alan hər bir arqumentin ümumi tezislərindən də aydın olur ki, Səidə xanımın 80 illik ömür və sənətkarlıq yolu yalnız bir sahəni əhatə etməyib. O istər pedaqoji sahədə geniş fəaliyyət göstərmiş, Naxçıvanda yeni sənətkar qruplarının yaradılmasında canla-başla çalışmış, istər bəstəkar kimi çıxış etdiyi illərdə bir-birindən maraqlı, rəngarəng mahnılar bəstələmiş və son olaraq da dirijor kimi səhnələrimizdə əsl sənətkar qadın zərifliyinin canlı nümunəsini yaratmışdır. 
    “Böyük sənətkarlarla bir səhnədə” başlıqlı bölmə digərlərindən fərqli olaraq Səidə xanımla əl-ələ, baş-başa sənət yolunda çalışan böyük korifeylərdən, o cümlədən maestro Niyazi, Cahangir Cahangirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Şəmsi Bədəlbəyli, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Rasim Balayev, Məlik Dadaşov, Həsən Turabov, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla bir səhnədə çıxış etdiyi illərin qısa, xatirələrlə dolu tarixçəsidir. 
    Kitabın sonuna yaxınlaşdıqca “Səidə Məmmədovanın yetirmələri”, “Sənət və sənətkar haqqında düşüncələr” başlıqlı hissələrlə qarşılaşırıq. Azərbaycanın sayılıb-seçilən, sevilən incəsənət ziyalılarının, sənətkarlarının Səidə xanım haqqında qeyd etdikləri fikirləri oxucunun gözü qarşısında sənətkarın çoxşaxəli irsini bir daha ortaya qoyur. Onun yaradıcılıq yolu ilə tanış olmayan insan belə həmin xatirələri oxuduqca söhbətin necə bir sənət dünyasından, yaradıcılıq ümmanından getdiyini duya bilər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Musiqi mədəniyyəti və təhsilinə sədaqətli xidmət” başlıqlı yazısında qeyd edir ki, “Səidə Məmmədova musiqinin ən müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik, mənəvi saflıq aşılayan çox sayda dərin məzmunlu əsərlər ərsəyə gətiribdir. Onun uzun illər görkəmli ifaçıların repertuarını daha da zənginləşdirmiş mahnıları müasir Azərbaycan musiqi sənəti xəzinəsinin dəyərli nümunələri olub, özünəxas lirizmi və melodikliyi sayəsində dinləyicilərin böyük rəğbətini qazanıb”. Nubar Abdullayevanın “Bizim Səidə və ya Gözəllikdə sadəliyin gözəlliyi” məqaləsindəki bu sətirlər isə gözəl sənətkarımızın bədii obrazını gözlərimiz önündə ecazkar şəkildə canlandırır: “Gözəl musiqi ifaçılarının aludəçisiyəm... Bütün bu canlı musiqi zövq və istəklərimi Səidə Məmmədovanın dirijorluq edərkən çöhrəsinə baxanda təmin edə bilirəm. O, orkestrin qarşısında dayananda tarı da, fortepianonu da, kamançanı, kanonu, skripkanı da, dilləndirir, sanki özü oxuyur! Dirijor ifasına öndən baxmağı sevirəm. Böyük konsert zallarında Səidə xanımı izləmişəm, ancaq daha çox televiziya ekranlarından onun dirijor çöhrəsini – bir zəngin musiqi dünyasını heyranlıqla seyr etmişəm! Dirijor çubuğu götürmür. Barmaqlarının falanqalarından tutmuş saçlarına, baxışlarına, səsinə, nitqinə, beyninə, şüuruna qədər, dirijordu bu qadın!”
    Kitabın “Son söz. Sənət zirvəsi” başlıqlı bölməsi isə müəllifin Səidə xanıma ünvanladığı ürək sözləri və ona həsr etdiyi “Sən uca zirvəsən” şeiri ilə başa çatır. 
    Azərbaycan, eləcə də Naxçıvan musiqi mədəniyyətində özünəməxsus iz buraxmış, bir-birindən zəngin yaradıcılıq nümunələri ilə məktəb yaratmağa qadir olmuş Səidə xanım Məmmədovaya və sayılıb-seçilən sənət fədailərinə həsr olunmuş belə ədəbi-bədii, elmi-publisistik nəşr nümunələri dəyərli sənətkarlarımıza həsr olunan, milli-mədəni irsimizin yaşadıcısına çevrilən qiymətli epopeyalar kimi hər zaman öz dəyərini qoruyub saxlayacaq.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 01.08.2022 19:16