AZ EN RU

Sənayenin inkişafında elmin dəstəyi

    Müasir dünyada baş verən mürəkkəb iqtisadi, eləcə də geosiyasi proseslər bir daha göstərir ki, iqtisadi təhlükəsizliyə tam şəkildə nail olunması dövlətlərin müstəqil siyasət yürütməsinin əsasında dayanır. Bu mənada, bütün təbii və əmək resurslarını iqtisadi dövriyyəyə cəlb edə bilən sənayenin inkişafı təkcə insan həyatının bütün tələbatlarını ödəyən bir sahə kimi deyil, eyni zamanda ölkələrarası güc balansında da olduqca əhəmiyyətlidir. Ona görə də muxtar respublikamızda “Sənaye ili” elan olunmuş 2022-ci ildə həyata keçiriləcək bütün tədbirlər məhz bu vacib sahənin daha da inkişafı üçün dövlətin qarşıya qoyduğu vəzifələrə xidmət edir. 
    Müasir iqtisadiyyatın özünəməxsus problemləri vardır. Xüsusən resursların məhdudluğu, artan əhali sayı, dünya bazarında baş verən tərəddüdlər bu problemləri daha da artırır. Qloballaşmanın genişlənməsi ilə tələbatların artması, uşaq oyuncağından tutmuş kosmik texnologiya məhsulları istehsalınadək hər yerdə yeniliklərin sürətlənməsi də bu baxımdan sənayeni yüksək rəqabət sahəsinə çevirir. Dünyada enerji resurslarının bahalaşması, xüsusən də artıq zəifləməkdə olan pandemiyanın vurduğu zərərlər nəticəsində logistika zəncirinin qırılması kimi problemləri də buraya əlavə etsək, yerli xammala əsaslanan sənaye məhsulu istehsalının davamlı inkişaf üçün nə qədər əhəmiyyətli olduğunu görərik. 

    Mədəni tələbatların sürətlə dəyişildiyi cəmiyyətdə sənayenin mühüm əhəmiyyəti vardır. Belə ki, sənayenin inkişafı sayəsində maddi nemətlər daha faydalı və daha əlçatan, xidmətlər isə daha komfortlu olub mühüm keyfiyyət dəyişikliklərini özündə birləşdirir. Buna görə də sənayenin inkişaf məsələləri tarixən də aktual olmuşdur. Çünki sənaye iqtisadiyyatın inkişafı ilə yanaşı, eyni zamanda elmi biliklərin də tətbiqinin ən geniş sahəsidir. Məhz bu səbəbdən ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da sənayenin, xüsusən yüksək əmək və elm tutumlu sənaye sahələrinin genişləndirilməsi yolu ilə son məhsulun hazırlanması və məşğulluğun təmin olunması prioritet sahə kimi diqqətdə saxlanılır.
    Sənaye, eyni zamanda elmdə əldə olunmuş biliklərin də praktik tətbiqinin ən yaxşı sahəsidir. Dünya təcrübəsi göstərir ki, məhz elmi məhsulların ərsəyə gətirildiyi elm və təhsil müəssisələrinin əsas gəlir qaynaqlarından biri ixtira, kəşf və yeniliklərin sənayedə tətbiq olunması, bunun üçün kommersiya sifarişlərinə əsaslanan müqavilələrin yerinə yetirilməsidir. Bu mənada, Naxçıvanın mövcud təbii və əmək ehtiyatlarının öyrənilməsi, işgüzar fəaliyyətin dəstəklənməsi, sahibkar­lıq fəaliyyəti üçün yeni biznes ideyaların irəli sürülməsi baxımından elmi araşdırmalar üçün əla mühit yaranmışdır. Naxçıvanın geostrateji və tranzit imkanlarının artması, turizm, beynəlxalq ticarət və logistika üçün əlverişli şəraitin yaranması da bu mühiti zənginləşdirir. Ona görə də indi muxtar respublikada sənaye komplekslərinin yaradılması, bir sıra sahələrdə, xüsusən emal sənayesi kimi sahələrdə ixtisaslaşmanın mənimsənilməsi ilə ölkəmizi brend məhsullarla tanıda biləcək ixracyönümlü sənaye məhsulları istehsalına nail olmaq üçün ciddi elmi nəticələrə ehtiyacı vardır. 
    Son illərdə Naxçıvanda sənaye məhsulu istehsalına ciddi diqqət yetirilir. Belə ki, statistik məlumatlara əsasən 2000-ci ildə muxtar respublikada istehsal olunmuş sənaye məhsulunun həcmi cəmi 13 milyon 765 min manat, onun hər bir nəfərə düşən həcmi isə 38 manat olmuşdur. Bundan sonra həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 318 milyon 565 min manat və 777 manat olmuşdur. Bu dinamika sonrakı dövrlərdə də davam etmiş və ötən 2021-ci ilin sonuna muxtar respublikada sənaye məhsulunun həcmi artaraq 1 milyard 69 milyon manatdan çox olmuşdur ki, bunun da 92 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Bu dövrdə adambaşına düşən sənaye məhsulunun həcmi 2 min 310 manata çatmışdır ki, bu da indiyə qədər əldə olunmuş rekord səviyyədir. Sənayenin inkişafına göstərilən dövlət qayğısını bu sahəyə yönəldilmiş əsas fondların həcmi ilə ifadə etsək, 2010-cu ildə bu rəqəm 113 min 726 manat olduğu halda 2020-ci ildə bu rəqəmin üç dəfədən çox artaraq 358 min 267 manata çatdığını görürük. 
    Muxtar respublikamızın paytaxt şəhəri Naxçıvan və onun ətraf əraziləri iri sənaye məhsulu istehsalı potensialına malikdir. Belə ki, 2021-ci ildə Naxçıvan şəhərində istehsal edilmiş sənaye məhsulunun həcmi 785 min manatdan çox olub ki, bu da ümumi muxtar respublika üzrə göstəricinin 75 faizinə qədəri deməkdir. Daha sonra gələn Babək və Şərur rayonlarının göstəriciləri də kifayət qədər yüksək olub, daha böyük potensialdan xəbər verir. Ona görə də “Sənaye ili”ndə bu və digər bölgələrdə daha çox sənaye məhsulları istehsalı üçün yeni layihələrin reallaşacağını qeyd etmək olar. İndi Naxçıvanda istehsal olunmuş məhsulların yerli tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi altında ölkəmizdən  xaricə də ixrac olunması, ölkəmizə valyuta vəsaitləri qazandırması və muxtar respublikamızın istehsalçı imicinin daha da yüksəldilməsi üçün həmişəkindən yaxşı imkanlar vardır. Bu da, öz növbəsində, gələcəkdə yeni layihələrin həyata keçirilməsi deməkdir. 
    Yeni layihələr iqtisadiyyatın, xüsusilə sənayenin şaxələndirilməsində müstəsna əhəmiyyətli olmaqla yanaşı, eyni zamanda biznes təşəbbüslərinə də geniş meydan açır. Bu mənada, Naxçıvanda gənc startapçıların dəstəklənməsi, müxtəlif ixtisasların hamiliyə verilməsi, təhsil müəssisələrində STEAM kabinələrinin yaradılması kimi tədbirlər gənclərin yaradıcı ideyalarının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərdə bu istiqamətdə biliklərin dərinləşdirilməsi, onlara gələcəkdə qlobal dünyanın bir üzvü kimi ölkəmizin iqtisadiyyatını yeni ideyalarla zənginləşdirməkdə kömək edəcək. Xüsusən Naxçıvan Dövlət Universitetində yaradılmaqda olan Texnopark ölkəmizdə bu sahədə ilk təşəbbüs kimi Naxçıvanın daha yaxından tanınmasında, regionun iqtisadi potensialının artmasında, elm və iqtisadiyyatın inteqrasiyasında mühüm əhəmiyyətli hadisə olacaq. Bu həm də elmi məhsulların mübadiləsi üzrə dövlət və özəl sektor müəssisələri ilə qarşılıqlı əməkdaşlıqda yeni mərhələnin əsasını qoyacaqdır. 

    Cəmiyyətin keçdiyi bütün inkişaf mərhələlərində elmi biliklərin rolu əsas olub. Məhz əldə olunmuş elmi nəticələr sayəsində bəşəriyyət keçmişdən kosmos və internet erasınadək uzunmüddətli yol keçib. Müasir qloballaşma dövründə elmi nailiyyətlərdən daha dərin bəhrələnmək üçün isə iqtisadiyyatın bütün sahələrində, xüsusilə sənayedə görüləcək çox işlər vardır.   

Əli CABBAROV

Nəşr edilib : 06.07.2022 19:05